Futbol üzrə Azərbaycan kubokunun yarımfinalında “Qəbələ” ilk oyunda “İnter”i məğlub edib
Martın 30-da futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın yarımfinal mərhələsinin ilk oyununda “İnter” doğma meydanda “Qəbələ” klubunu qəbul edib. Oyunda 3:1 hesabı ilə qalib gələn “Qəbələ” komandası cavab qarşılaşması üçün böyük üstünlük əldə edib.

“İnter Arena”da baş hakim Elvin Ələsgərovun idarə etdiyi matçın 15-ci dəqiqəsində Daniel Subotiç 11 metrlik cərimə zərbəsindən vurduğu qolla “Qəbələ”ni hesabda irəli çıxarıb. Bu qoldan üç dəqiqə sonra Adrian Skarlatake “İnter”in bərabərlik qolunu vuraraq oyunda tarazlığı bərpa edib. Görüşün ilk hissəsi bu hesabla başa çatıb.

Oyunun ikinci hissəsinə sürətli hücumlarla başlayan qonaqlar tezliklə istəklərinə nail olublar. Matçın 48-ci dəqiqəsində D.Subotiç yenidən “Qəbələ”ni hesabda irəli çıxarıb. Roman Qriqorçukun yetirmələri qarşılaşmanın sonuna yaxın - 88-ci dəqiqədə hesab arasındakı fərqi artırıblar. Filip Ozobiç “İnter”in qapısına təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Beləliklə, “Qəbələ” səfərdə “İnter”i 3:1 hesabı ilə məğlub edib.

Yarımfinalın digər görüşündə isə “Neftçi” komandası “Qarabağ”ı qəbul edəcək.

Azərbaycan kuboku yarışının yarımfinal mərhələsinin cavab qarşılaşmaları aprelin 5-də oynanılacaq.

Xəbər 555 dəfə oxundu.