AZAL ilə “Bakı-2017” Əməliyyat Komitəsi arasında rəsmi tərəfdaşlığa dair saziş imzalanıb
Martın 30-da "Azərbaycan Hava Yolları" QSC ilə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi arasında rəsmi tərəfdaşlığa dair Saziş imzalanıb.

Azərbaycan Hava Yolları aviaşirkəti “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının növbəti rəsmi tərəfdaşı olub. Saziş “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Mayk Loynd tərəfindən imzalanıb.

Daha sonra tərəflər arasında sazişin imzalanmasına dair mətbuat konfransı keçirilib.

Mətbuat konfransında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Mayk Loynd mötəbər idman tədbirlərində aviaşirkətlərin əsas tərəfdaşlardan biri olduğunu qeyd edərək AZAL şirkətinin Azərbaycanda keçirilən idman tədbirlərinin bir hissəsi olmasının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, çox böyük nüfuza və güvənə malik olan "Azərbaycan Hava Yolları" QSC-nin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olması çox böyük önəm kəsb edir. Oyunların təbliği işlərində də AZAL mühüm rol oynayacaq.

AZAL-ın vitse-prezidenti Eldar Hacıyev bildirib ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ölkəmiz üçün təkcə idman yarışı deyil, eyni zamanda mühüm tarixi tədbirdir: “Biz bu tədbirin təşkilatçılarını dəstəkləməkdən qürur hissi duyuruq. Əminəm ki, ölkəmiz digər mötəbər idman tədbirləri kimi, IV İslam Həmrəyliyi Oyunlarına da yüksək səviyyədə ev sahibliyi edəcək”.

Xəbər 636 dəfə oxundu.