IV İslam Həmrəyliyi Oyunları ilə bağlı yollarda “Oyunlar zolağı”nın çəkilişinə başlanılır
Mayın 12-dən 22-dək Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın işarələnməsi işlərinə start verilir. “Azəravtoyol” ASC tərəfindən “Oyunlar zolağı”nın çəkilişinə ilk olaraq Neftçilər prospektində “Azneft meydanı”ndan başlanılacaq.

Bu məqsədlə axşam saat 22:00-dan səhər saatlarınadək Neftçilər prospektinin “Azneft meydanı”ndan Əl Oyunları İdman Sarayına qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaq üzrə hissə-hissə məhdudlaşdırılacaq. “Oyunlar zolağı”nın kənarlarına sarı xətt çəkiləcək və asfalt üzərində təyin edilən yerlərdə “Baku 2017” sözləri yazılacaq.

“Oyunlar zolağı”nın Neftçilər prospektinə (“Azneft meydanı”-“Bayraq meydanı”), Bakı-Ələt yolunun 2-14 kilometrlik hissəsinə, Bakı Dairəvi-1 avtomobil yoluna, Moskva, Ziya Bünyadov və Atatürk prospektlərinə, Vaqif və Hənifə Ələsgərov küçələrinə, həmçinin Tbilisi prospektinə çəkilməsi nəzərdə tutulub.

“Azəravtoyol” ASC Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində işləri davam etdirir.

Xəbər 1002 dəfə oxundu.