Sərxan Həşimov Vyaçeslav Çebanenko Memorialında çıxış edəcək
Martın 31-dən aprelin 1-dək Kişineuda Vyaçeslav Çebanenkonun xatirəsinə həsr edilmiş 19-cu şahmat (rapid) turniri keçiriləcək. İsveçrə sistemi üzrə doqquz turdan ibarət olacaq ikigünlük turnirdə 50-yə yaxın şahmatçı iştirak edəcək. Partiyalar üçün vaxt rejimi 15 dəqiqə üstəgəl hər növbəti gediş üçün 10 saniyə nəzərdə tutulub.

Rapid üzrə Kişineu memorialına qoşulmaq üçün hələlik 39 şahmatçı, o cümlədən 13 qrossmeyster müraciət edib. Azərbaycan şahmatçısı Sərxan Həşimov da bu turnirdə iştirak etməyə dəvət olunub.

Sərxanın rəqibləri İngiltərə, Ukrayna, Rusiya, İsrail, Belarus, Moldova, Serbiya, Rumıniya, Qətər və digər ölkələrin nümayəndələri olacaq.

İstedadlı məşqçi və pedaqoq Vyaçeslav Çebanenkonun xatirəsinə həsr edilmiş bu turnir Moldova Respublikasında şahmatı təbliğ etmək və digər ölkələrin şahmatçıları ilə dostluq əlaqələrini möhkəmlətmək məqsədilə keçirilir.

Xəbər 563 dəfə oxundu.