Braziliya yığması DÇ-2018 üçün seçilmiş ilk komanda olub
2018-ci ildə futbol üzrə Dünya Çempionatında (DÇ-2018) iştirak etmək üçün seçim turnirindən uğurla çıxmış ilk komanda Braziliya yığması olub.

Bu, Peru komandası ilə Uruqvay yığmasının seçim matçında uruqvaylıların 1:2 hesablı məğlubiyyətindən sonra məlum olub.

2018-ci ildə keçiriləcək Dünya Çempionatının seçim mərhələsinin KONMEBOL (Cənubi Amerika) zonasında 14-cü turundan sonra aktivində 33 xal olan Braziliya yığması öz qrupunda inamla liderlik edir və dördüncü sətirdən aşağı düşə bilməz. Beləliklə, 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının final turnirinə vəsiqə almış ilk komanda Braziliya yığmasıdır.

Siyahıda 2-ci yeri Kolumbiya yığması (24 xal), üçüncü yeri Uruqvay (23) 4-cü yeri Çili (23), sonrakı yerləri Argentina (22), Ekvador (20) Peru (18), Paraqvay (18), Boliviya (10) və Venesuela (6 xal) tutur. Boliviya və Venesuela yığmaları Rusiyada keçiriləcək Dünya Çempionatında çıxış etmək şansını itiriblər. Aktivində 7 xal olan Azərbaycan yığması öz qrupunda 4-cü yeri tutur.

Avqustun 31-də keçiriləcək növbəti turda Çili-Paraqvay, Braziliya-Ekvador, Venesuela-Kolumbiya, Peru-Boliviya və Uruqvay-Argentina matçları nəzərdə tutulur.

KONMEBOL zonasında 10 yığma komanda arasında iki dövrədən ibarət olacaq seçim turniri 2017-ci ilin oktyabr ayında başa çatacaq. Bu turnirdə ən yaxşı nəticələr göstərən dörd komanda birbaşa DÇ-2018-in final mərhələsinə vəsiqə alacaq, beşinci komanda isə Okeaniya Futbol Konfederasiyasının nümayəndəsi ilə matç keçirməli olacaq.


Xəbər 611 dəfə oxundu.