Naxçıvanda voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının final mərhələsinə start verilib
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının yüksək liqasında final mərhələsinin oyunlarına start verilib.

Bu mərhələdə çempionatın turnir cədvəlində ilk 4 pillənin sahibləri - “Neftçi”, “Lokomotiv”, MOİK və “Naxçıvan” komandaları mübarizə aparırlar. Üç gün davam edəcək final mərhələsinin oyunları reqlamentə əsasən dairəvi sistem üzrə keçiriləcək. Martın 30-da isə 2016-2017-ci il mövsümünün çempion komandasının adı məlum olacaq.

Martın 28-də final mərhələsinin ilk oyunları keçirilib. Oyunlardan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Meydana ilk olaraq “Neftçi” və MOİK komandaları çıxıb. Daha üstün oyun nümayiş etdirən “Neftçi” hər üç setdə qalib gələrək (25:20, 25:21, 25:12) bu mərhələdə ilk qələbəsini qazanıb.

Aleksandr Çornıyın rəhbərlik etdiyi “Naxçıvan” komandası playoff-un ilk oyununda “Lokomotiv” komandası ilə üz-üzə gəlib. İlk setdə rəqibinə məğlub olan komandamız (25:12), ikinci setdə də eyni aqibətlə üzləşib – 25:22. Son setdə daha üstün oyun sərgiləyən “dəmiryolçular” meydanı 3:0 hesablı qələbə ilə tərk ediblər.

Qeyd edək ki, martın 29-da daha iki oyun keçiriləcək. Saat 15:00-da “Neftçi” “Lokomotiv”lə, 17:30-da isə “Naxçıvan” MOİK-lə qaşılaşacaq.

Xəbər 571 dəfə oxundu.