Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib
Martın 26-da futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və Almaniya milli komandaları üz-üzə gəliblər.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda Azərbaycan millisinin start heyətində meydana Kamran Ağayev, Qara Qarayev, Məhəmməd Mirzəbəyov, Pavel Paşayev, Bədavi Hüseynov, Dmitri Nazarov, Rəşad Sadıqov, Cavid Hüseynov, Rahid Əmirquliyev, Ramil Şeydayev və Əfran İsmayılov çıxıblar.
Almaniya yığmasının ilk on birliyində isə Bernd Leno, Conas Hektor, Benedikt Hövedes, Mats Hummels, Sami Xedira, Yulian Draksler, Toni Kroos, Andre Şürrle, Tomas Müller, Coşua Kimmix və Mario Qomez yer alıblar.
İzdihamın müşayiət olunduğu stadionda matçın 13-cü dəqiqəsində millimizin üzvü Dmitri Nazarov rəqibi əks hücumda tutsa da, Almaniya millisinin kapitanı Sami Xediranın kobud oyunu buna mane olub. Rəqib futbolçu buna görə sarı vərəqə ilə cəzalanıb. Almaniya millisi istəyinə matçın 19-cü dəqiqəsində çatıb. Andre Şürrle almaniyalı azarkeşləri sevindirib. Bu qoldan sonra irəliyə atılan milli komandamız 31-ci dəqiqədə hesaba tarazlıq gətirib. Əfran İsmayılovun ötürməsini Dmitri Nazarov mükəmməl qolla tamamlayıb. Beləliklə, 9 aydır qapısından top buraxmayan Almaniya millisinin seriyası qırılıb.
Buraxılan qoldan az sonra Almaniya millisi yenidən hesabda önə çıxıb. Matçın 36-cı dəqiqəsində Andre Şürrlenin ötürməsini Tomas Müller qolla tamamlayıb. Doqquz dəqiqə sonra Mario Qomez komandasının üçüncü topunu millimizin qapısından keçirib.

Beləliklə, görüşün ilk hissəsi Almaniya yığmasının 3:1 hesablı üstünlüyü ilə başa çatıb.

İkinci hissəyə millimiz daha fəal başlayıb. Görüşün 53-cü dəqiqəsində Dmitri Nazarov rəqib qapısı qarşısında təhlükəli vəziyyət yaratsa da, top qapıdan keçməyib. Qarşılaşmanın 62-ci dəqiqəsində Əfran İsmayılov və almaniyalı qapıçı Brend Lenonun duelində rəqib qalib ayrılıb.

İtaliyalı baş hakim Daniele Orsatonun idarə etdiyi oyunun 75-ci dəqiqəsində Andre Şürrlenin güclü zərbəsini millinin heyətində 65-ci oyununa çıxan qapıçımız Kamran Ağayev dəf edib. Matçın 81-ci dəqiqəsində Andre Şürrle dubl edərək hesab arasındakı fərqi 3 topa çatdırıb və bu, oyunda sonuncu qol olub. Görüş 4:1 hesabı ilə Almaniya millisinin xeyrinə başa çatıb.

Bu qələbə ilə hesabındakı xalların sayını 15 çatdıran Almaniya millisi "C" qrupunun vahid lideridir. Azərbaycan millisi 7 xalla dördüncü pilləyə enib. Çexiya 8 xalla ikinci, Şimali İrlandiya 7 xalla üçüncü, Norveç 3 xalla beşinci, hesabında xal olmayan San-Marino isə sonuncudur.

Xəbər 657 dəfə oxundu.