“DÇ-2018”in Avropa üzrə seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib
2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının Avropa qitəsi üzrə seçmə mərhələsi çərçivəsində “A”, “B” və “H” qruplarında növbəti qarşılaşmalar oynanılıb.

“A” qrupunun lideri Fransa yığması səfərdə Lüksemburqu 3:1 hesabı ilə məğlub edib. Qrupda ikinci sırada olan İsveç millisi Belarus yığmasının qapısından dörd cavabsız top keçirib. Digər oyunda isə Bolqarıstan doğma divarlar arxasında Hollandiya üzərində 2:0 hesabı ilə qələbə qazanıb.

Hazırda bu qrupa 13 xalla Fransa yığması başçılıq edir. İsveç 10 xalla ikinci, Bolqarıstan isə 9 xalla üçüncüdür. Qrupda dördüncü sırada qərarlaşan Hollandiya yığmasının 7 xalı var. Sonrakı yerləri isə 2 xalla Belarus və aktivində bir xal olan Lüksemburq tutur.

“B” qrupunun lideri İsveçrə millisi Latviya yığmasını minimal hesabla məğlub edəcək ardıcıl beşinci görüşü də qələbə ilə başa vurub. Portuqaliya yığması isə Macarıstan futbolçularını topu üç dəfə mərkəzdən başlamağa məcbur ediblər – 3:0. Andorra və Farer adaları milliləri arasında görüşdə isə qapılara top vurulmayıb – 0:0.

Beləliklə, beş turdan sonra isveçrəlilər 15 xalla qrupda birinci, portuqaliyalılar isə 12 xalla ikinci yerdə qərarlaşıblar. Macarıstan yığmasının 7, Farer adalarının 5, Latviyanın 3, Andorranın isə 1 xalı var.

“C” qrupunda beşinci turun nəticələri liderlik uğrunda mübarizəni daha da gərginləşdirib. Belə ki, Bosniya və Herseqovina millisi Estoniya yığmasını 5:0 hesabı ilə məğlub edərək xalını 10-a çatdırdığı halda, qrup birincisi belçikalılar son dəqiqələrdə vurduqları qolla ikinci sıradakı yunanlarla heç-heçəyə nail ola biliblər – 1:1. Qrupun digər görüşündə - Kipr-Estoniya qarşılaşmasında da qalib müəyyənləşməyib – 0:0.

Bu qrupa aktivində 13 xal olan Belçika yığması başçılıq edir. Yunanıstan millisi 11 xalla ikinci, Bosniya və Herseqovina 10 xalla üçüncü sıradadır. Kipr (4 xal) dördüncü, Estoniya (4 xal) isə beşinci pillədə qərarlaşıb. Hesabında xal olmayan Cəbəllütariq yığması isə sonuncu pillədədir.

Dünya çempionatının Avropa qitəsi üzrə seçmə mərhələsi çərçivəsində martın 26-da “C”, “E” və “F” qruplarında görüşlər keçiriləcək.

“C” qrupunda mübarizə aparan Azərbaycan yığma komandası Tofiq Bəhramov adına Respublika stadionunda qrupun lideri, hazırkı dünya çempionu Almaniya millisi ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 20.00-də başlayacaq.

Xəbər 597 dəfə oxundu.