Futbol üzrə Azərbaycan kuboku: yarımfinal mərhələsinin ilk oyunlarının vaxtı müəyyənləşib
Futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın yarımfinal mərhələsinin ilk oyunlarının vaxtı müəyyənləşib.

Yarımfinal görüşləri martın 30-da keçiriləcək.

Günün ilk oyununda "İnter Arena"da "İnter" komandası "Qəbələ" klubunu qəbul edəcək. Qarşılaşmaya saat 17:00-da start veriləcək. Saat 19:30-da başlayacaq digər matç isə "Bakcell Arena"da "Neftçi" və "Qarabağ" komandaları arasında oynanılacaq.

Komandalar arasında cavab oyunu aprelin 5-də keçiriləcək.

Qeyd edək ki, hər iki yarımfinal cütləri əvvəllər də kubok yarışlarında qarşılaşıb.

Son iki mövsümün finalçıları olan "Neftçi" və "Qarabağ" kollektivləri bu dəfə yarımfinalda görüşəcəklər. Ölkə kubokunda ən çox üz-üzə gələn cütlüyün yolları 12-ci dəfə kəsişib. Əvvəlki 11 duel çərçivəsində yeddi dəfə "Qarabağ", dörd dəfə isə "Neftçi" cütün qalibi olub.

Kubokda yolları ikinci dəfə kəsişən "İnter" və "Qəbələ"nin ilk dueli səkkiz il əvvəl baş tutub. İndiki kimi 2008/2009-cu illər mövsümündə də bu rəqiblər yarımfinalda görüşüb. Hər komandanın öz meydanında qalib gəldiyi qarşılaşmada yekunda mərhələ adlayan tərəf "İnter" olub.

Xəbər 722 dəfə oxundu.