IV İslam Həmrəyliyi Oyunlarının başlamasına 50 gün qalması münasibətilə Bakıda möhtəşəm tədbir
Martın 23-də Dənizkənarı Milli Parkda “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının başlamasına 50 gün qalması münasibətilə tədbir təşkil edilib.

“Grassroots” proqramı çərçivəsində keçirilən tədbirdə “Bakı-2017”nin rəsmi tərəfdaş və dəstəkçiləri xüsusi stendlərlə təmsil olunublar. Paytaxt sakinləri və şəhərimizin qonaqları həmin stendlərə yaxınlaşaraq IV İslam Həmrəyliyi Oyunları barədə məlumat əldə edib, həmçinin xüsusi viktorinalara qatılaraq hədiyyələr qazanıblar.

“Bakı-2017”nin idmançı səfirləri güləşçi Rəsul Çunayev, boksçular Kamran Şahsuvarlı, Leyla Cavadova, Aynur Rzayeva, yarışın ulduz səfirləri Hacı Nuran Hüseynov, aktyorlar Rəfael Ağayev və Coşqun Rəhimov hamını yarışlara dəvət edib, idmançılarımıza azarkeşlik etməyə səsləyiblər.

IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov yarışa hazırlığın plana uyğun olaraq getdiyini bildirib. Vurğulayıb ki, bir neçə gündür “Bakı-2017”nin biletləri satışa çıxarılıb. Açılış və bağlanış mərasimləri də daxil olmaqla idman sessiyaları üçün 500 min bilet satışdadır. Sevindirici haldır ki, 20 mindən artıq bilet satılıb və bilet satışında xüsusi fəallıq nümayiş olunur.

“Artıq idmançıları və nümayəndə heyətlərini qəbul edəcək Atletlər kəndi və yarışların təşkil olunacağı 16 idman obyekti tam hazır vəziyyətdədir. 55 ölkə “Bakı-2017”də iştirakını təsdiqləyib. Aprelin 5-dən “Xəzərdən başlayan su səyahəti” proqramına start veriləcək. Dağ Salnamə Muzeyindən başlayacaq marşrut Azərbaycanın 15 bölgəsini əhatə edəcək. İslam aləmində həyat mənbəyi, şəffaflıq və təmizlik rəmzi olan su Xəzərdən başlayan səyahət turunun əsas mövzusudur. Otuz yeddi gün ərzində 3 min kilometrdən artıq məsafənin qət olunacağı səyahət turu Xəzər dənizindən başlayaraq və Azərbaycan ərazisində mövcud olan 15 su hövzəsini əhatə edəcək. Səyahət zamanı bu hövzələrdən toplanan su mayın 12-də “Bakı-2017”nin açılış mərasiminin bir hissəsi olacaq. Bu münasibətlə keçiriləcək hər bir su mərasimi axşam su festivalı ilə müşayiət olunacaq”, - deyə Elçin Səfərov əlavə edib.

Sonra ölkəmizdə ilk dəfə 500 nəfərin iştirakı ilə kütləvi şəkildə idman hərəkətləri yerinə yetirilib.

IV İslam Həmrəyliyi Oyunlarının ulduz səfiri Tünzalə Ağayeva “Bakı-2017”nin könüllülərinə həsr etdiyi “Salam Bakı” könüllülərin himnini ilk dəfə ifa edib. İfa zamanı müğənnini istedadlı könüllülər də müşayiət ediblər.

“Bakı-2017”nin fəal könüllüləri Nihal Həsənov və Sevinc Əsədova IV İslam Həmrəyliyi Oyunlarının bir parçası olduqlarını, könüllülüyün onların gələcək karyeralarında mühüm rol oynayacağını və yeni dostlar qazanmaqda müstəsna xidmətlərindən danışıblar.

Sonda lotereya təşkil olunub və qaliblərə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına biletlər təqdim olunub.

Paytaxt sakinləri və şəhərimizin qonaqları tərəfindən maraqla qarşılanan tədbir Dj-lərin musiqisi ilə davam edib.

Qeyd edək ki, yarışa biletləri həm “Bakı-2017”nin rəsmi veb-səhifəsindən (www.baku2017.com/tickets), həm də “Park Bulvar”, “Gənclik” və “28 May” ticarət mərkəzləri də daxil olmaqla, paytaxtın müxtəlif yerlərində 12 bilet satışı məntəqəsindən (“ASAN xidmət”in 5 məntəqəsi də daxil olmaqla), eləcə də Oyunların keçiriləcəyi 16 yarış obyektində açılacaq bilet satışı kassalarından əldə etmək mümkündür.

Xəbər 732 dəfə oxundu.