Azərbaycanın iki gimnastı dünya kubokunun finalına yüksəlib
Martın 16-da Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışına start verilib.

Milli Gimnastika Arenasında keçirilən mübarizənin birinci günündə kişi idmançılar sərbəst, paralel qollar və halqalarla hərəkətlər üzrə təsnifat yarışlarında güclərini sınayıblar. Qadınlar isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollar üzrə hərəkətlərdə finala yüksəlmək uğrunda mübarizə aparıblar.

Kişi idman gimnastikası yarışında Azərbaycanı Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edirlər.

Azərbaycan təmsilçilərindən Mariya Nekrasova dayaqla tullanma hərəkətlərinin nəticəsinə görə final mərhələsinə yüksəlib. Dünya kuboku yarışlarının final mərhələsinə, həmçinin Murad Ağarzayev də vəsiqə qazanıb. O, paralel qollarda hərəkətlər üzrə 13 min 433 xal toplayaraq adını finala yazdırıb.

Bakıda, Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG dünya kuboku mərhələsi martın 19-dək davam edəcək. Artıq ikinci ildir ki, paytaxtımızda keçirilən turnirdə 23 ölkədən idmançılar güclərini sınayırlar.

Turnirin ilk iki günü təsnifat mərhələləri, son iki günü isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək. Hazırkı Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydalarına əsasən kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparırlar.

Xəbər 1230 dəfə oxundu.