“Neftçi İdman Klubu”nun atletləri pauerliftinq üzrə ölkə çempionatında iki qızıl medal qazanıblar
“Zirvə” idman klubunda pauerliftinq üzrə Azərbaycan çempionatı keçirilib. Respublikanın şəhər və rayonlarını təmsil edən 8 idman klubundan 138 idmançı yarışda gücünü sınayıb.

“Neftçi İdman Klubu” çempionatda iki idmançı ilə təmsil olunub. Klubun yetirmələrindən 60 kiloqram çəkidə gücünü sınayan Elmir Tarverdiyev xüsusilə fərqlənib. Üç hərəkətin cəmində 485 kiloqram nəticə ilə birinci yerə layiq görülən idmançımız oturub-durma hərəkətində 170, sinədən tədricən qaldırmada 100 və yerdən dartma cəhdində isə 215 kiloqram nəticə göstərərək qızıl medala sahib olub.

E.Tarverdiyev sifariş etdiyi dördüncü yanaşmada rekorda imza atıb. Belə ki, 235 kiloqram ağırlığın öhdəsindən gələn atlet Azərbaycan rekordunu yeniləyib. 2011-ci ildə respublika çempionatında da keçmiş rekord (232.5 kq) məhz bu idmançıya məxsus idi.

Gündüz Məmmədov (90 kq) da mükafatçılar sırasında yer alıb. Ağır atlet üç hərəkətin cəmində 710 kiloqram çəkinin öhdəsindən gələrək çempion adını qazanıb. Klubun idmançısı hər üç yanaşmada – oturub-durma hərəkətində 260, sinədən tədricən sıxma 170 və yerdən dartma hərəkətində 280 kiloqram çəkinin öhdəsindən gələrək fəxri kürsünün birinci pilləsinə qalxıb.

Xəbər 1089 dəfə oxundu.