Yeniyetmə güləşçilər arasında Azərbaycan çempionatının ikinci gününün qalibləri müəyyənləşib
Bakı İdman Sarayında yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi davam edir.

Yarışın ikinci günündə 69, 76, 85 və 100 kiloqram çəki dərəcəsində yunan-Roma, 42, 46 və 50 kiloqram çəki dərəcələrində isə sərbəst güləş üzrə 164 pəhləvan mübarizə aparıb.

Yunan-Roma güləşi üzrə pəhləvanlar arasında fəxri kürsünün ən yüksək pilləsinə Asiman İmanzadə (69 kq), Fikrət Vəliyev (76 kq), Elşən Eyubzadə (85 kq), Sərxan Məmmədov (100 kq) qalxıblar. Sərbəst güləşçilərdən isə Tofiq Əliyev (42 kq), Tural Əsgərov (46 kq) və Ramiz Həsənov (50 kq) qalib adını qazanıblar.

Hər çəki dərəcəsində mükafata layiq yerlər tutan idmançılar medal və diplomla yanaşı, Azərbaycan Güləş Federasiyası tərəfindən pul mükafatı ilə də təltif olunur və yığma komandanın heyətinə cəlb ediləcəklər.

Yarışların sonuncu günündə 54, 58, 63, 69, 76, 85 və 100 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər xalça üzərində çıxacaqlar.

Xəbər 847 dəfə oxundu.