Bakı 2017 Könüllüləri Novruz bayramı ərəfəsində əsgərlərimizi ziyarət edib
12-22 may tarixləri arasında şəhərimizin ev sahibliyi edəcəyi Bakı 2017 İslam Həmrəyliyi Oyunları Könüllülərinin 14 mart tarixində Tərtər rayonunda yerləşən N saylı hərbi hissəyə ziyarəti baş tutub.

40 nəfər könüllünün iştirak etdiyi ziyarətin təşkil olunmasında əsas məqsəd vətənimizin keşiyində əzmlə duran mübariz əsgərlərimizlə birlikdə axır çərşənbəni qeyd etmək və onların Novruz bayramını təbrik etmək, eləcə də Bakı 2017 Könüllülərinin sosial fəallığını təmin etmək olub.

Tədbirdə Bakı 2017 Könüllülərindən başqa, Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin (AİHOƏK) işçi heyəti və AİHOƏK-in korporativ direktoru, Bakı 2017 Könüllülərinin səfiri Elçin Səfərov da iştirak edərək əsgərlərlə birgə xoş vaxt keçiriblər. Bundan başqa, hərbi hissədə əsgərlər üçün maraqlı musiqili proqram təşkil olunub və könüllülər tərəfindən əsgərlərə kiçik xatirə hədiyyələri də təqdim edilib.

Nəzərinizə çatdıraq ki, Uğurlu Gələcək Könüllülərin İnkişaf Proqramının tərkib hissəsi olaraq Bakı 2017 Könüllülərinin sosial fəaliyyətini artırmaq üçün həyata keçirilən bu kimi tədbirlərin təşkilinə qarşıdakı günlərdə də davam ediləcək.

-SON-

Redaktorlara qeydlər:

Media akkreditasiyası:

IV İslam Həmrəyliyi Oyunları üçün media akkreditasiyasına müraciət üçün aşağıdakı linkə daxil olun: https://www.baku2017.com/az/p/media-akkreditasiyasi

Bakı 2017 İslam Həmrəyliyi Oyunları 2017-cu il may ayının 12- 22 tarixlərində Bakı, Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multi-idman tədbiridir.

Müsəlman ölkələrindən gələn idmançılar yarışın 10 günü ərzində öz ölkələrini 20 müxtəlif idman növləri üzrə 23 kateqoriyada (Atletika və Para Atletika, Su İdmanı Növləri - Suya tullanma, Su idman növləri — Üzgüçülük, Su İdmanı Növləri -Vaterpolo, 3x3 Basketbol, Futbol, İdman gimnastikası, Bədii gimnastika, Uşu, Stolüstü Tennis, Həndbol, Cudo və görmə qabiliyyəti olmayanlar üçün cudo, Yunan-Roma güləşi, Sərbəst güləş, Atıcılıq, Tennis, Voleybol, Boks, Zorxana, Karate, Taekvondo, Ağır atletika) Bakıda yerləşən 16 müasir yarış meydanlarında təmsil edəcəklər.

Azərbaycanın paytaxtı Bakı şəhəri 2013-cü ilin iyulunda Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Baş Assambleyasında Oyunların ev sahibliyinə layiq görülmüşdür.

İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə yaradılıb. Fərmana əsasən, Azərbaycanın Birinci Vitse Prezidenti Mehriban xanım Əliyeva dördüncü İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin Sədri təyin edilmişdir. Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyatlar Komitəsi (AİHOƏK) İHİF ilə əməkdaşlıqda Oyunları təşkil və tətbiq edəcək.

Xəbər 1119 dəfə oxundu.