Əsas mətləblərə doğru son addım
Bu gün finişə doğru hesabat başlanır

Hələ martın birinci yarısının son günü ərəfəsində olsaq da, milli futbol çempionatında son hesabata hazırlıq dövrü başlanıb. Klubların sayının az, rəqabətin minimal olduğu yarışların hər birində bu hal yaşanır. Belə yarışları izləyənlərə, yəqin, bir vaxtların Şotlandiya çempionatını xatırlatmaq da yerinə düşər. Qlazqonun "Reyncerz"i ilə "Seltik"inin mübarizəsi turnirin lap əvvəlindən axırına qədər bir kök üstə bitirdi: derbilərdə kim qalib gələcək?

İki ildir bizim "premyer"li liqamız da bu səmtə yönəlib. Hərçənd hər dəfə ümid olur ki, "Qəbələ" ilə "Qarabağ"ın mübarizəsinə üçüncü komanda müdaxilə edə biləcək. Axı, potensial olaraq, elitada yer alan hər bir komanda buna qadir hesab olunur. Ötən turlar da bunu bir daha nümayiş etdirdi.

Hələ üstəlik, əyani dueldə "Qəbələ" doğma divarlar arasında yenə "Qarabağ"a qalib gəlsə də, sonrakı qarşılıqlı xal itkiləri ilə həm mübarizəyə rəng çaları qatıldı, həm də Azərbaycan futbolu üçün təbii olan, dedi-qodunun, ittihamların növbəti seriyası başlandı. Təbii ki, bu rəqabətdə hər tərəfin öz marağı var. Futbolumuz o qədər də rezonanslı olmadığından, bu məqamlar hər klubun özünün əhatə dairəsindən çox da uzağa getmir, AFFA-ya göndərilən etirazlar və yayılan bəyanatlarla tamamlanır. Cüzi ictimailəşməyə cəhd isə hər klubun özünə diqqəti artıraraq, əlavə dividendlər qazanmaqdır. Hərçənd çempionluq uğrunda mübarizə aparan bir klubun bu müraciəti və yaxud bəyanatı kəskin və dərin araşdırma üçün əsasdır. Əgər rəqabətin səviyyəsi yüksək olsaydı, bu ittihamlar detektiv janrının mövzusuna çevrilərdi. Bütün bunların içərisində stimullaşdırma ən kiçik məsələyə bənzəyir. Bir də ki, söz-söhbətdən kənara çıxmayan məsələlərə ciddi münasibət də bildirmək olmaz.

Bunları qış fasiləsindən sonrakı dövrün ən maraqlı məqamına əvvəldən proqnozlaşdırmaq olardı. Çünki "İnter" öz təpəri, "Neftçi" isə yeniləşib güclənmiş heyəti ilə bu mübarizədə öz sözünü deyə bilərdi. Hərdən Məstəlişahsayağı barıtını partlada biləcək o biri klublar da sözünü demək imkanına malikdirlər və buna başlayıblar da.
"Qəbələ" tet-a-tet dueldə "Qarabağ"a qalib gəldikdən sonra, əlinə düşmüş daha bir fürsəti Gəncə təmsilçisi ilə dəyərləndirə bilmədi və prinsipial rəqibin məğlubiyyətindən istifadə edə bilmədi.

Bəllidir ki, "Qarabağ" "İnter"lə oyunda ən zəif yerlərindən zərbələr aldı. Hesab minimal olsa da, bu oyun Ağdam klubunun bütün çatışmazlıqlarını ortaya qoydu. Burada oyunçu potensialına baxış və onun dəyərləndirilməsi, taktiki yeknəsəklik, strateji hədəfsizlik, vaxtsız yorğunluq və doymuşluq elementləri dalbadal iki oyunda özünü büruzə verdi. Əslində, komandanın "Qəbələ" ilə "qızıl xal" dəyərli oyununda çempionun öz tənqid payı var idi. Amma "beynəlmiləlçilər"lə görüş həmin matçı da kölgəsində qoydu.

Maraqlıdır ondan sonrakı tur bu mülahizələrin, sadəcə, fərziyyə olmadığını əyani göstərdi. "Qarabağ" acığını "Sumqayıt"la görüşdə çıxmaqla, həm də, istənilən halda, özünü toparlaya biləcəyini nümayiş etdirdi. Əlbəttə, bütün bunlar çempionatın səviyyəsinin, rəqabətsizliyin göstəricisi sayıla bilər. Bununla belə, "Qarabağ" bilməlidir ki, bu gün çempionatda təkcə ilk titulunu qazanmaq istəyən "Qəbələ" deyil, hər bir klub onun üçün xüsusi təhlükədir. Axı, lider, çempionlar, titullu klublar hər zaman buna hazır olmalı, bu aqibətlə barışmalı və elə buna görə də ən azı taktiki dolğunluqla, iki heyətə oynamaq iqtidarına çatmalıdırlar.

Maraqlıdır ki, "Qəbələ" bu dolğunluğu az-çox "İnter"lə matçın ikinci hissəsində haradasa göstərmək istədi. Ancaq qarşılaşmanın ümumi ab-havasına görə bu komandanın çempionluq uğrunda həqiqətən mübarizə apardığını söyləmək olmaz. Nə qədər qalib mühakimə olunmasa da, matç "Qəbələ"nin çatışmazlıqlarının annotasiyası oldu. Ən əsası, yekunda "Qəbələ"nin qalib gəldiyi, yoxsa təbii maliyyə problemləri ilə "İnter"in yorğunluqdan məğlubiyyətə uğradığı bilinmədi.
Əgər bir çox mətləblərin üstünü açan 21-ci turdan bəhs ediriksə, onu da xüsusi qeyd edək ki, martın 5-də keçirilən görüşlər də rəmzi xarakterli idi. "Kəpəz" və AZAL-ın görüşündə hesabdan savayı, həm də oyunun tempi nə "təyyarəçilər"in autsayder, nə də "Kəpəz"in ondan üstün olduğunu göstərdi. Əksinə, bu komandaların heyətlərindəki fərqə baxmayaraq, göstərdikləri oyun barədə fikir yürütmək üçün nümunəvi matç məhz bu qarşılaşma sayıla bilər. "Kəpəz"in "Qəbələ" ilə görüşdə bir, AZAL-la rəqabətdə tam fərqli oyun göstərmədən eyni nəticələri qazanmaq komandanın daxilindəki taktiki yetkinsizliyin göstəricisidir. Bu isə komandanın qış fasiləsindəki hazırlıq prosesinə münasibətinin məhsulu sayıla bilər.

"Neftçi"nin qış dəyişiklyinin dərhal nəticə verməyəcəyini, hələ üstəlik, məşqçi korpusunun özünün də buna hazır olmasının vacibliyini qeyd etmişdik. Çünki bu rəngarəng dəyişiklik üçün məşqçilərin planlı yanaşması vacib idi. Hələliksə, buna münasibətdə uyğunlaşma, birgə oyun praktikası və s. kimi bəhanələrlə keçinmək olur. Əslində, bu məsələlərin əsassızlığı "Zirə" ilə görüşdə də bəyan oldu. "Neftçi" artıq bu heyətlə öz optimal oyun formasını qurub, taktiki cizgiləri göstərməlidir. Bunun əksinə, komandada hər dəfə dəyişkən ab-hava görürük. "Uyğunlaşma" adlandırdığımız bu prosesi elə məşqçilərin özünün də yeniləşməyə uyğunlaşması kimi dəyərləndirə bilərik.
Dünən ölkə çempionatının taleyində mühüm rol oynaya biləcək daha bir tur start götürüb. Onun zirvə məqamı isə "Neftçi"nin özünü təsdiq etməsi, "Qəbələ"nin də çempionluğa nə qədər hazır olması baxımından əhəmiyyətlidir. Bütün deyilənləri nəzərə almaqla, bu matçın da nəticəsindən sonra finiş hesablamalarına başlamaq mümkün olacaq. Əlbəttə, AZAL da öz sürprizini nümayiş etdirə bilər. Bu isə əsl xarakter barədə də yeni hesabı açmaq üçün əsas olar.


Xəbər 1453 dəfə oxundu.