Yunan-Roma güləşi üzrə yığma komandamızın dünya kuboku yarışları üçün heyəti açıqlanıb
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin dünya kuboku yarışları üçün heyəti açıqlanıb

Martın 16-17-də İran İslam Respublikasının Abadan şəhərində böyüklər arasında yunan-Roma güləşi üzrə dünya kuboku yarışları keçiriləcək.

Yığma komandamız Türkiyə, Belarus və Ukrayna idmançıları ilə “B” yarımqrupunda mübarizə aparacaq. Rusiya, Qazaxıstan, İran və Almaniya komandaları isə “A” yarımqrupunda yarışacaqlar.

Yığma komandamızın baş məşqçi əvəzi Akif Əliyev, böyük məşqçi İlqar Abdulov və məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında 12 güləşçimiz Abadana yollanacaq.

Yarışda ölkəmizi Rövşən Bayramov, Taleh Məmmədov (hər ikisi 59 kq), Kamran Məmmədov, Nofəl Babayev (hər ikisi 66 kq), Rəsul Çunayev, Həsən Əliyev (hər ikisi 71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq), Sabah Şəriəti və Oyan Nəzəriani (hər ikisi 130 kq) təmsil edəcəklər.

Yarışın proqramına əsasən, martın 16-da qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə 3-cülük uğrunda görüşəcəklər.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.

Xatırladaq ki, 2015-ci ildə keçirilən analoji yarışda yunan-Roma güləşçilərimiz dünya kubokunun sahibi olublar.


Xəbər 842 dəfə oxundu.