Masallıda “Şahinlər” hərbi-idman oyunu üzrə rayon birinciliyinin qalibləri məlum olub
Masallı şəhərindəki 3 nömrəli tam orta məktəbdə keçirilən “Şahinlər” hərbi-idman oyunu üzrə rayon birinciliyinin qalibləri məlum olub.

Yarışın keçirilməsində məqsəd yeniyetmələr və gənclər arasında hərbi-vətənpərvərlik tərbiyəsini daha da gücləndirmək, şagirdləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlığını təmin etməkdir.

Yarışın əsasnaməsinə uyğun olaraq komandalar sıra hazırlığı mərhələsi keçirildikdən sonra estafet mərhələsində güclərini sınayıblar.

Rayon birinciliyində daha inamlı oyun nümayiş etdirən şəhər 3 nömrəli tam orta məktəbin komandası birinci, Miyankü kənd tam orta məktəbin komandası ikinci, şəhər 1 nömrəli tam orta məktəbin komandası üçüncü yerə layiq görülüblər. 4 nömrəli Digah kənd tam orta məktəbin komandası fərqləndiyinə görə xüsusi diplomla mükafatlandırılıb.

Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin əməkdaşı Vüqar Əhmədov, təhsil şöbəsinin metodisti Əyyar Burhanov, yarışın baş hakimi Cəmaləddin Məmmədov məktəblilərə yeni-yeni qələbə sevincləri arzulayıblar.

Rayon birinciliyinin qalibi olmuş şəhər 3 nömrəli tam orta məktəbin komandası aprel ayında Lənkəranda keçiriləcək zona mərhələsində iştirak etmək hüququ qazanıb.


Xəbər 806 dəfə oxundu.