Sərbəst güləşçilərimiz Yaşar Doğunun xatirə turnirində yarışacaqlar
Martın 10-da İstanbulda sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunmuş sayca 45-ci beynəlxalq turnir start götürəcək.

Turnirdə böyüklərdən ibarət sərbəst güləş üzrə yığma komandamızın üzvləri iştirak edəcəklər.

Baş məşqçi Firdovsi Umudov, məşqçilər Əsgərxan Novruzov və Rövşən Hacıyevin rəhbərliyi altında yığma komandamızın 5 üzvü turnirdə mübarizə aparacaq. Heyətdə Mahir Əmiraslanov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), İbrahim Usubov (86 kq) və Aslanbek Alborov (97 kq) yer alıblar.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vüqar Şükürov ölkəmizi təmsil edəcək.

Turnirin proqramına əsasən, martın 10-da 57, 70, martın 11-də 61, 74, 125, sonuncu yarış günündə isə 65, 86 və 97 kiloqram çəki dərəcələrində pəhləvanlar mübarizə aparacaqlar.

Xəbər 986 dəfə oxundu.