Boksçularımız “Böyük İpək yolu”nda fərqləndi
“Sərhədçi” İdman Olimpiya Mərkəzində boksçular arasında “Böyük İpək yolu” beynəlxalq turnirinə yekun vurulub. İdman.com.az saytının məlumatına görə, Azərbaycan idmançıları yarışda 4 qızıl, 4 gümüş və 7 bürünc medal qazanıblar. 52 kq çəki dərəcəsində Salman Əlizadə ilə Tural Əhmədovun görüşü kifayət qədər maraqlı alınıb. Əhmədov Əlizadənin iştirak etmədiyi son ölkə çempionatında 1-ci yerə layiq görülmüşdü.

Bu dəfə Avropa çempionu Salman Əlizadə 13:9 hesabı ilə qələbə qazanıb.
London oyunlarına lisenziya əldə etmiş Elvin Məmişzadə Qazaxıstan nümayəndəsi Oljas Satibayev üzərində çətinlik çəkmədən qələbə qazanıb – 20:11. Gənclər arasında dünya birinciliyinin qalibi olan Şaban Şahpələngov (56 kq) Qriqori Nikolayçuka (Rusiya) 1 xal fərqlə uduzaraq, 2-ci yerlə kifayətlənib. Turnirin sensasiyasına 64 kq çəki dərəcəsində mübarizə aparan Pərviz Bağırov imza atıb. Yarımfinalda Rusiya milli komandasının 1-ci nömrəsi, Avropa çempionatının bürünc mükafatçısı Aleksandr Solyanikov üzərində qələbə qazanan boksçu final görüşünü də öz xeyrinə başa vurub.

Onun London olimpiadasına lisenziya qazanmış Heybətulla Hacəliyevlə qarşılaşması 9:9 hesabı ilə başa çatsa da, qələbə gənclər arasında Avropa çempionu Bağırova verilib. Rusiya yığmasının aparıcı üzvlərindən Albert Səlimov Bakıda da rəqib tanımayıb. Dünya çempionu finalda qazaxəstanlı Berik Abdraxmanova heç bir şans verməyib – 17:5. Ümumkomanda hesabında Azərbaycan 1-ci, Rusiya 2-ci, Qazaxıstan isə 3-cü yeri tutub:

49 kq: Tural Əhmədov (Azərbaycan) - Salman Əlizadə (Azərbaycan) - 9:13

52 kq: Oljas Satibayev (Qazaxıstan) - Elvin Məmişzadə (Azərbaycan) - 11:20

56 kq: Qriqori Nikolayçuk (Rusiya) - Şaban Şahpələngov (Azərbaycan) - 15:14

60 kq: Berik Abdrəhmanov (Qazaxıstan) - Albert Səlimov (Rusiya) - 5:17

64 kq: Heybətulla Hacəliyev (Azərbaycan) - Pərviz Bağırov (Azərbaycan)
9:9 (+)

69 kq: Emil Məhərrəmov (Azərbaycan) - Süleyman Berdukayev (Qazaxıstan) - 12:15

75 kq: Pyotr Xamukov (Rusiya) - Elik Alcanov (Qazaxıstan) - 15:8

81 kq: Almat Serimov (Qazaxıstan) - Tair Pirdamov (Rusiya) - 7:14

91 kq: İvan Klimov (Rusiya) - Aleksey Sevostyanov (Qazaxıstan) - 10:11

Xəbər 1291 dəfə oxundu.