Ruslan Lunyov: IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmağa çalışacağam
Hindistanın paytaxtı Dehlidə güllə atıcılığı üzrə dünya kubokunda bürünc medal qazanan Ruslan Lunyov ilə martın 5-də Gənclər və İdman Nazirliyində görüş keçirilib.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov R.Lunyovu təbrik edib və ona gələcək yarışlarda uğurlar arzulayıb. Azərbaycanda atıcılıq idmanının inkişafından söz açan şöbə müdiri R.Lunyovun mötəbər turnirdə üçüncü yeri tutmasını yaxşı nəticə kimi qiymətləndirib.

R.Lunyov media nümayəndələrinə dünya kuboku yarışında mükafatçılar sırasına düşmək üçün ciddi hazırlaşdığını vurğulayaraq, medal qazanmasının onun üçün sürpriz olduğunu deyib. O, qarşıda dünya və Avropa çempionatlarının, IV İslam Həmrəyliyi Oyunlarının olduğunu diqqətə çatdıraraq bildirib ki, “Bakı-2017” əsas yarışdır. Oyunlarda güllə atıcılığının bir neçə növü üzrə mübarizə aparacağını deyən idmançı “Bakı-2017”də, eləcə də digər yarışlarda qızıl medal qazanmaq üçün səylə çalışacağını qeyd edib.

Xatırladaq ki, Ruslan Lunyov dünya kubokunda 25 metr məsafəyə atəşaçma yarışında bürünc medal qazanıb. İdmançımız təsnifat mərhələsində 579, finalda isə 23 xal toplayaraq üçüncü olub.

Xəbər 765 dəfə oxundu.