Daniil Kvyat: Bakı Şəhər Halqası digər treklərdən çox seçilir
Formula-1 üzrə “Toro Rosso” komandasının pilotu Daniil Kvyat yeni mövsümdən gözləntilərini və çempionatın Bakı mərhələsi haqqında təəssüratlarını “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti ilə bölüşüb.

-Yeni bolidi sözün həqiqi mənasında hiss edə bildinizmi?

Biz xeyli məsafə qət etdik. Ancaq yenə də bu, istədiyimizdən az idi. Mühəndislərin kifayət qədər məlumat toplamaları üçün biz trekdə daha çox zaman keçirməliyik.

-Gözünüz rəqiblərinizin üzərindədirmi? Onların hansı qərarları sizi artıq təəccübləndirə bilib?

Əlbəttə, rəqiblərimizi, xüsusən daha az müddətə dövrəni başa vuranları izləyirik. Lakin biz diqqətimizi bu məsələyə cəmləşdirmirik. Çünki, belə desək, biz hələ sözün əsl mənasında sürətli dövrə vurmamışıq. Lakin təkrar edirəm ki, biz hər şeyi izləyirik, gözümüzü dörd açmışıq.

-Test zamanı yol verdiyiniz səhv yolkənarı çınqıl zolağına uçmaqla nəticələndi. Bu, məhz sizin səhviniz idi, yoxsa hansısa mexaniki səhv ucbatından baş verdi?

Hər şey sadədir – mən sadəcə təkərləri blokladım və çınqıl layının üzərinə gedib çıxdım. Əsas olan budur ki, biz praktiki olaraq vaxt itirmədik. Hər kəsin diqqəti səhvlərə yönəlib, baxmayaraq ki, bütün pilotlar dəfələrlə səhvlərə yol verirlər. Məsələn, test zamanı küləyin sürəti saatda 30 kilometr idi və buna görə də, səhv buraxmaq çox asan idi.

-Yeni avtomobillərlə ötmə əməliyyatları daha çətin olacaq?

Hələlik bu barədə danışmaq çətindir. Çünki çox az məlumat var. Ancaq nəzəri baxımdan həmin əməliyyatlar daha da çətinləşməlidir. Çünki əyləc məsafəsi qısalır. Lakin o da mümkündür ki, ötmənin uğurlu alınması üçün daha çox və yaxşı hazırlaşmaq lazımdır. Buna görə də, ümidvaram ki, azarkeşlər üçün ötmələr maraqlı olacaq.

-Gəlin, şəxsi suallara keçək. Hansı dildə düşünürsünüz?

Sükan arxasında əyləşəndə ingilis dilində. Çünki məhz bu dildə mühəndislərlə ünsiyyət qurur və məlumat alıram. Əks təqdirdə, çox çətin olardı. Ancaq gündəlik həyatda, daha çox rus dilində.

-Fikirlərinizi cəmləşdirmək üçün yarışlardan öncə hansı musiqiyə qulaq asırsınız?

Mən heç də həmişə musiqi dinləmirəm və ümumiyyətlə, buna böyük diqqət yetirmirəm. Bununla belə “Metallika”, “Kings of Leon” və hətta ABBA kimi müxtəlif musiqi qruplarının ifalarına qulaq asıram.

-İndi isə gəlin, Bakı haqqında danışaq. Ötən il ən çox xoşunuza gələn nə oldu?

Hər şeydən çox treklə bağlı təəssüratım yaddaqalan oldu. Həqiqətən də, çempionatın digər mərhələlərinin fonunda o, çox böyük dərəcədə nəzərə çarpır. Artıq həftənin cümə axşamı günü biz mühəndislərlə birlikdə həmin trekin üzərində getdiyimiz zaman heyrətə düşmüşdük - çox uzun və düz trek idi, üstəlik bütün treklər arasında ən dar hissələrə malikdir. Bu, həqiqətən də möhtəşəm idi.

-Necə düşünürsünüz, yeni avtomobillərlə Bakı Şəhər Halqasında yarışmaq daha çətin olacaqmı?

Bəli, şəhər trekləri bizim üçün yeni bir çağırışdır. Biz yeni qabaritlərə öyrəşməli oluruq ki, bu da, heç də həmişə asan olmur.

AZƏRTAC

Xəbər 753 dəfə oxundu.