Nəsimi rayonunda Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib
Martın 3-də Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən Respublika Velotrekində 5 mart - Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib.

Tədbirdə rayonun tam orta məktəblərinin dünya və Avropa yarışlarının, respublika və Bakı şəhər birinciliklərinin qalibləri olmuş şagirdləri iştirak ediblər.

Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək bildirib ki, dövlətimizin başçısının 2005-ci il 4 mart tarixli Sərəncamı ilə Azərbaycanda hər il martın 5-də Bədən Tərbiyəsi və İdman Gününün qeyd olunması təsadüfi deyil. 1995-ci ilin həmin günündə ümummilli lider Heydər Əliyevin dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşməsi, İdman Fondunu təsis etməsi Azərbaycanda layiqli ənənələri olan idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Prezident İlham Əliyevin 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbər seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artıb. Qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə bədən tərbiyəsinin kütləviləşməsinə və idmanın inkişafına qayğısı da öz töhfələrini verir.

İcra başçısı deyib ki, son illərdə Azərbaycanda 50-dək yeni Olimpiya İdman kompleksi, müxtəlif idman növləri üçün möhtəşəm arenalar tikilərək istifadəyə verilib. O, həmçinin ölkəmizdə birinci Avropa Oyunlarının, “Formula-1” Avropa Qran-pri yarışının, Ümumdünya Şahmat Olimpiadasını və digər beynəlxalq yarışların böyük uğurla təşkil edildiyini vurğulayıb. “Hazırda IV İslam Həmrəyliyi Oyunlarına son hazırlıq işləri görülür. 2020-ci ildə isə Azərbaycan futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına ev sahibliyi edəcək”, - deyə icra başçısı əlavə edib.

Tədbir idmançıların nümunəvi çıxışları, məktəblilərin hazırladıqları flaşmob və konsertlə davam edib.

Xəbər 930 dəfə oxundu.