Ağır atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
Martın 3-də Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasında kişilər və qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub.

94 kiloqram çəki dərəcəsində tamaşaçılar maraqlı mübarizəyə şahid olublar. Yenə bir kiloqram fərq həlledici olub. Qızıl medal Nailxan Nəbiyevə qismət olub. O, 362 kiloqram (161+201) nəticə ilə rəqiblərini üstələyib və çempion adına sahib olub. 361 kiloqram (161+200) nəticə göstərən Rövşən Fətullayev gümüş medal qazanıb. Bürünc medal 330 kiloqram (150+180) nəticə göstərən Hüseyn İsmayılova qismət olub.

Körpücük üzərinə son olaraq çəkisi 105 kiloqrama qədər və yuxarı çəki dərəcələrində mübarizə aparan atletlər çıxıblar. Bu çəki dərəcəsində 281 kiloqramı (126+155) başı üzərinə qaldıran Əziz Nurməmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gümüş medal toplam 280 kiloqram (125+155) nəticə göstərən Xəlil Gəraylı, bürünc isə 274 kiloqram (118+156) nəticə ilə Ümidvar Bayramlıya qismət olub. 105 kiloqramdan yuxarı çəki dərəcəsində çempion adını lənkəranlı atlet Azər Məmmədli 373 kiloqram (165+208) nəticə ilə qazanıb. Gümüş medalı Rolan Piriyev (315 kq, 140+175), bürünc mükafatı isə Vasif Səfərov (298 kq, 142+156) əldə ediblər.

Xəbər 817 dəfə oxundu.