Naxçıvanda cüdo üzrə yeniyetmələr arasında rayon birinciliyi təşkil olunub
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş cüdo üzrə yeniyetmələr arasında Naxçıvan Muxtar Respublika birinciliyi təşkil olunub.

Yarış Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və muxtar respublikanın Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.

Açılış mərasimində çıxış edən muxtar respublikanın gənclər və idman nazirinin müavini Məcid Seyidov ölkəmizdə, o cümlədən muxtar respublikada idmanın inkişafı istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, bu gün ölkəmizdə, həmçinin muxtar respublikada idman sahəsi özünün yüksəliş dövrünü yaşayır.

Naxçıvanda gənclərin cüdo idman növünə böyük maraq göstərdiklərini vurğulayan Məcid Seyidov birincilikdə mübarizə aparan idmançılarımıza uğurlar arzulayıb.
Azərbaycan Cüdo Federasiyasının üzvü, ilk idman ustası Sahib İsmayılov isə çıxışında Naxçıvanda idmançılar üçün yüksək şəraitin yaradıldığını bildirib. O, bu gün birincilikdə iştirak edən idmançılarımızın gələcəkdə ölkəmizi dünya arenalarında layiqincə təmsil edəcəklərinə əminliyini ifadə edib. Qeyd edib ki, cüdonun Naxçıvanda sevilməsinin əsas səbəblərindən biri burada yaradılan şəraitdir.

Müstəqil Azərbaycanın ilk olimpiya çempionu Nazim Hüseynov yarışı təşkil edənlərə minnətdarlığını bildirərək deyib ki, əsas məqsədimiz Azərbaycanda cüdonun inkişafına nail olmaqdır. Bunun üçün ölkənin bütün regionlarında bu idman növünü təbliği üçün işlər görülür. Bu gün Naxçıvanda cüdonun inkişafı, gənclər arasında sevilməsi və insanlarda bu idman növünə marağın artırılması üçün hər bir şərait yaradılıb.
Azərbaycan Cüdo Federasiyasının regionlarda cüdonun inkişafı sektorunun müdiri Tərlan Poladov və hakimlər kollegiyasının üzvü, beynəlxalq dərəcəli hakim Mətin Rəhimli çıxışlarında ölkəmizdə və muxtar respublikada cüdo idman növünün inkişafı istiqamətində görülən işlərdən danışıblar.

Sonra yarışa start verilib.
Birinciliyin reqlamentinə əsasən, 4 klubdan, ümumilikdə, 91 yeniyetmə cüdoçu medallar uğrunda mübarizə aparıb.

“Naxçıvan Muxtar Respublikası”, “Tələbə İdman Klubu Naxçıvan”, “Şərur” və “Culfa” klublarını təmsil edən 14-16 yaşlı idmançılar mövcud qaydalara görə tatami üzərinə çıxıblar.

Birinciliyin yekun nəticəsinə əsasən Cəfər Məmmədli, Osman Məmmədov, Abbas Məmmədov, Fuad Əfsərli, Asif Məmmədov, Abbas Bayramzadə, Elmar İmanov, Vüqar Allahverdiyev, Elsevər Məmmədov və Murad Əliyev müvafiq olaraq 30, 34, 38, 42, 46, 50, 55, 60, 66 və +66 kiloqram çəki dərəcələrində muxtar respublika birinciliyinin qalibi olublar.

Sonda ilk üç pillədə qərarlaşan idmançılara təşkilatçılar tərəfindən diplom, medal və idman geyimləri təqdim edilib.

Xəbər 765 dəfə oxundu.