“Barselona” İspaniya çempionatında liderliyi ələ keçirib
Martın 2-də futbol üzrə İspaniya çempionatının 25-ci turu çərçivəsində bir neçə oyun keçirilib.

Turun ən maraqlı hadisəsi “Barselona”nın liderliyi ələ keçirməsi olub. “Barselona” “Nou Kamp”da qəbul etdiyi “Sportinq Xixon”u 6:1 hesabı ilə darmadağın edərək xallarının sayını 57-yə çatdırıb.

“Real Madrid” isə “Santyaqo Bernabeu”da “Las Palmas” klubunu qəbul edib. “Real”ın asan qələbə qazanacağı gözlənilsə də, ilk hissə 1:1 hesabı ilə başa çatıb. İkinci hissənin əvvəlində madridlilərin heyətində Qaret Beylin qırmızı vərəqə alaraq meydanı tərk etməsindən sonra ev sahibləri qapılarında daha iki qol görüblər. “Real Madrid” yalnız qarşılaşmanın sonuna yaxın vurduğu iki qolla hesabı bərabərləşdirib – 3:3.

“Real”ın doğma meydanda xal itirməsindən sonra “Barselona” liderliyi ələ keçirib. “Real” 56 xalla ikinci sırada olsa da, “Barselona”dan bir oyun az keçirib.

Tur çərçivəsində günün digər oyunlarında isə aşağıdakı hesablar qeydə alınıb:

“Malaqa” 1-2 “Real Betis”

“Valensiya” 1-0 “Leqanes”

“Osasuna” 1-4” “Vilyarreal”

“Selta de Viqo” 2-2 “Espanyol”

“Qranada” 2-1 “Deportivo Alaves”.

Xəbər 570 dəfə oxundu.