Futzal üzrə Azərbaycan yığması apreldə Bakıda Bosniya və Herseqovina, Albaniya və Macarıstanla qarşılaşacaq
Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin Bakıda keçiriləcək ikinci qrupunun oyunlarının təqvimi müəyyənləşib.

“Avro-2018”də iştirak etmək istəyən dörd komanda paytaxtımızda qarşılaşacaq.

Turnir çərçivəsində ilk turda Azərbaycan yığması aprelin 8-də saat 18:30-da Bosniya və Herseqovina ilə görüşəcək. Aprelin 9-da yığmamız Albaniya ilə eyni saatda oynayacaq. Millimiz sonuncu oyununu aprelin 11-də Macarıstana qarşı keçirəcək. Bu oyun saat 20:00-da başlayacaq.

Bu mərhələnin qrup qalibləri “Avro-2018”in final mərhələsinə birbaşa vəsiqə qazanacaqlar. İkinci yeri tutacaq və ən yaxşı qrup üçüncüsü komandalar pley-offda son dörd vəsiqənin sahibini müəyyənləşdirəcəklər.

Oyunlar Bakı İdman Sarayında keçiriləcək.

Qeyd edək ki, “Avro-2018”in final mərhələsi 2018-ci il yanvarın 30-dan fevralın 11-dək Sloveniyada keçiriləcək.

Xəbər 570 dəfə oxundu.