Rüstəm Orucov: Cüdoçularımızın “Bakı-2017”də medal qazanmaq şansı çox yüksəkdir
IV İslam Həmrəyliyi Oyunlarına ciddi hazırlaşırıq. Ümid edirəm ki, həmin vaxtadək heç bir zədə olmadan yarışa hazırlıq prosesini başa çatdıracağıq. Məşqləri şənbə günləri də daxil olmaqla fasiləsiz davam etdiririk. “Bakı-2017”də azarkeşlərin dəstəyi bizim üçün çox vacibdir.

Oyunlardan əvvəl qatılacaqları yarışlardan danışan cüdoçu bildirib: Əvvəlcə Avropa çempionatında iştirak edəcəyik. Sonra isə Yaponiyaya təlim-məşq toplanışına yollanacağıq. “Rio-2016” Yay Olimpiya Oyunlarında xalqımız məndən medal gözləyirdi. Həmin yarışda üzərimdəki məsuliyyəti hiss edirdim. “Bakı-2017” də karyeramda ən mötəbər yarışlardan biri olacaq. Çalışacağam ki, yarışda uğurla çıxış edib xalqımızı sevindirim. Martın əvvəlində Bakıda “Böyük dəbilqə” beynəlxalq turniri təşkil olunacaq. Hazırda bu yarışa hazırlaşırıq.

“Millimizin əsas heyətində yer alan idmançılarımız çox güclüdürlər. Onların əksəriyyəti demək olar ki, beynəlxalq reytinq cədvəlinin ilk onluğunda qərarlaşıb. Həmin idmançıların medal qazanmaq şansı çox yüksəkdir. “Bakı-2017”də komanda yarışı da təşkil olunacaq ki, burada da fərqlənmək istəyirik”, - deyə Rüstəm Orucov əlavə edib.

Cari ilin əvvəlində Bakıda cüdo idman növündə yeni qaydaların qüvvəyə mindiyini xatırladan cüdoçu deyib: “Yeni qaydalar barədə məlumatlıyıq. Yeni qaydalar əsasında təşkil olunan iki yarışda iştirak etmişik. Əvvəllər qarşılaşma beş dəqiqə davam edirdi. Yeni qaydalara əsasən, qarşılaşma dörd dəqiqə davam edir. Cüdoda qaydalar bir az yüngülləşdirilib”.

“Bakı-2017”nin idmançı səfiri seçilməsi ilə qürur duyduğunu qeyd edən cüdoçumuz üzərinə düşən missiyanı lazımınca yerinə yetirəcəyini və IV İslam Həmrəyliyi Oyunlarının təbliğində səylərini əsirgəməyəcəyini bildirib.

AZƏRTAC

Xəbər 713 dəfə oxundu.