IV İslam Həmrəyliyi Oyunları gücümüzü dünyaya tanıtdıracaq
“Bu il Azərbaycanın ev sahibliyi edəcəyi IV İslam Həmrəyliyi Oyunları həm İslam dünyası, həm də ölkəmiz üçün çox önəmlidir. Bu oyunlar İslam dünyasında keçirilən ən böyük idman yarışlarıdır. İdmançılarımızın Olimpiya Oyunlarında olduğu kimi, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında da yüksək nəticələr göstərəcəklərinə inanırıq”. – bu sözləri Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev açıqlamasında bildirdi.

Boks üzrə milli komandanın “Bakı 2017”yə hazırlığından danışan A.Əbiyev bildirdi ki, Azərbaycan çempionatından sonra hər çəkidə ən yaxşı 2 boksçu milli komandaya dəvət olunub: ”Onlar yığma komandanın tərkibində təlim-məşq toplanışı keçirlər. “Bakı 2017”də boksçularımızdan ən azı 6-7 medal gözləyirik. IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq heyət isə Oyunlara bir ay qalmış müəyyənləşəcək”.

O qeyd etdi ki, IV İslam Həmrəyliyi Oyunlarına qədər boksçularımız bir neçə beynəlxalq turnirdə güclərini sınayacaqlar: “Bu beynəlxalq turnirlər yoxlama xarakteri daşıyacaq. Martın 13-18-i isə Bakıda “Böyük İpək Yolu” beynəlxalq turniri təşkil ediləcək. Yarışda çoxlu ölkələrin idmançıları mübarizə aparacaqlar. Sözügedən turnirə yığmamız başqa ölkələrin milliləri ilə birlikdə hazırlaşacaq.“Bakı 2017”dən sonra isə milli komandamız Avropa və dünya çempionatlarına qatılacaq”.

A.Əbiyev IV İslam Həmrəyliyi Oyunları böyük idman tədbiri olduğunu vurğuladı: ”40-dan çox ölkənin iştirak edəcəyi oyunlarda bütün olimpiya idman növlərində yarışlar keçiriləcək. 4 mindən çox idmançının iştirakı gözlənilir. Bu oyunlar həm bizim üçün, həm də İslam dünyası üçün çox önəmlidir. İdman yarışlarında yüksək təşkilatçılıq artıq dünyaya Azərbaycan standartını təqdim edib. Tikilmiş idman infrasturukturlarımız arxitekturasına görə, digər ölkələrin tikintilərindən fərqlənir. Bütün bunlar mədəniyyətimizi, idmanımızı, xalqımızı dünyaya daha yaxşı tanıtdıracaq. Bu yarışlar göstərəcək ki, İslam ölkəsi digər ölkələrdən geri qalmır”.

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev IV İslam Həmrəyliyi Oyunları I Avropa Oyunları səviyyəsində olmasa da, ona yaxın və bərabər bir idman yarışı olacağını bildirdi.

O qeyd etdi ki, İslam Həmrəyliyi Oyunlarından qələbələr gözləyir: "Biz bütün yarışlara yalnız qələbə qazanmaq ümidi ilə gedirik. Ümid edirəm ki, bu oyunlarda da idmançılarımız qalib gələcək və uğurları ilə bizləri sevindirəcəklər. Artıq hər bir idman növündən medal gözləyirik. Hətta Olimpiya Oyunlarında bir neçə yeni idman növündən medal qazanmağımız buna bariz nümunədir”. Vitse-prezident bildirdi ki, İslam Oyunlarında dünyanın bütün müsəlman dövlətlərinin iştirakı nəzərdə tutulur ki, bu da daha çox ölkənin təmsil olunması deməkdir.

İslam Həmrəyliyi Oyunları ilk Avropa Oyunları səviyyəsində olmasa da, ona yaxın və bərabər bir idman yarışı olacağı gözlənilir: ”İslam Oyunlarında yarış mədəniyyəti daha fərqli olacaq. Azərbaycan da müsəlman dövləti olduğundan, bu mədəniyyət bizə yaxın və doğmadır. Ona görə də, İslamiada bir qədər fərqli, İslam mədəniyyətinə uyğun idman yarışı olacaq.Bu Oyunları Azərbaycana müsəlman dövlətlərindən daha çox turist axınına səbəb olacaq. "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları Azərbaycanda idmanın, turizmin inkişafı, mədəniyyətimizin daha çox tanıdılması və digər sahələr üçün önəmli tədbirdir. Oyunlar islam ölkələri arasında həmrəyliyi möhkəmləndirəcək. Azərbaycanın islam ölkələri ilə münasibətləri hər zaman yüksək səviyyədə olub. Ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları isə islam ölkələri arasında münasibətləri daha da yaxşılaşdıracaq”.















Xəbər 977 dəfə oxundu.