“Aeroflot Open 2017” şahmat turnirinin 4 turu geridə qalıb
Moskvada keçirilən “Aeroflot Open 2017” şahmat turnirinin 4 turu geridə qalıb.

Festival çərçivəsində 3 turnirdə 313 şahmatçı, o cümlədən 100 qrossmeyster iştirak edir. 73-ü qrossmeyster olmaqla, 98 şahmatçının mübarizə apardığı “A” turnirində 4 turdan sonra 3,5 xal toplayan moskvalı Yevgeni Nayer liderlik edir. On beş şahmatçı, o cümlədən Azərbaycanı təmsil edən Rauf Məmmədov liderdən yarım xal geri qalır. Təmsilçimiz 4-cü turda qara fiqurlarla yerli şahmatçı Maksim Vavulin üzərində qələbə qazanıb.

“B” turnirində 109 şahmatçı, o cümlədən 19 qrossmeyster iştirak edir. Dörd turdan sonra hər biri 3,5 xal toplayan Daniil Linçevski və Semyon Yelistratov (Rusiya), Valeri Kazakovski (Belarus), həmçinin Lin Çen (Çin) liderdirlər, 18 şahmatçı onlardan yarım xal geri qalır.

Azərbaycanı təmsil edən beynəlxalq dərəcəli şahmat ustası Nərmin Xələfovanın aktivində 2 xal, Gülnar Məmmədovanın aktivində isə 1 xal var.

Qeyd edək ki, “Aeroflot Open” şahmat festivalının əsas turniri Rusiya Kuboku yarışlarının mərhələ turniridir. Yarışın qalibi bu ilin iyulunda Almaniyanın Dortmund şəhərində keçiriləcək superturnirə vəsiqə qazanacaq.

Xəbər 782 dəfə oxundu.