Çoxnövçülük üzrə FHN-in qurumları arasında keçirilən çempionatın qalibləri mükafatlandırılıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun və FHN işçiləri həmkarlar ittifaqı komitəsinin təşkilatçılığı ilə nazirliyin qurumları arasında keçirilən çoxnövçülük üzrə çempionata yekun vurulub.

Respublika Olimpiya Mərkəzində təşkil olunan və iki gün davam edən çempionata 19 komandadan 80-ə yaxın idmançı qatılıb. Yüz və min metr məsafələrə qaçış, hündürlüyə, uzununa tullanma və nüvə itələmə növlərində yarışan idmançılar həm şəxsi, həm də komanda hesabında mübarizə aparıblar.

Qaliblərin mükafatlandırılması mərasimində FHN-in idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev çıxış edərək budəfəki yarışlarda ötən illərlə müqayisədə yüksək nəticələr əldə olunduğunu diqqətə çatdırıb.

Sonra FHN işçilərinin həmkarlar ittifaqı komitəsinin sədri Mehman İsmayılov qalib gələn idmançıları təbrik edib, onlara uğurlar arzulayıb.

Turnirin qalibləri diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 794 dəfə oxundu.