AMADA-nın yaranması ilə bağlı mətbuat konfransı keçirildi
Fevralın 23-də Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) yaranması ilə bağlı mətbuat konfransı keçirildi.

Milli Olimpiya Komitəsində keçirilən tədbirdə AMADA-nın direktoru Şəfəq Hüseynli və Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova iştirak etdi.

Yeni yaradılan agentliyin rəhbəri Şəfəq Hüseynli bildirdi ki, fevralın 17-də Beynəlxalq Antidopinq Agentliyindən (WADA) Azərbaycanın antidopinq standartlarına uyğun olmayan ölkələr siyahısından çıxarılması ilə bağlı məktub alınıb: "Azərbaycanın antidopinq sarıdan nümunəvi ölkələr siyahısına daxil olması üçün hər cür şərait var. Fəaliyyətimizi idmançıları dopinq testindən keçirmək, onları və məşqçiləri təlimatlandırmaq, nəticələrin emalı, beynəlxalq əlaqələrin qurulması kimi istiqamətlərdə quracağıq. Əsas məsələ idmançını yarış zamanı və ya başqa yerlərdə dopinq-testindən keçirmək deyil, idmanın saflığını, idmançılarımızın hüquqlarını qorumaqdır".

AMADA-nın rəhbəri Azərbaycanın dopinqlə bağlı problemlərindən də danışıraq bildirdi ki, Azərbaycan bu sahədə vaxtilə bir sıra problemlərlə üzləşmişdi: “Artıq bu çətinlikləri arxada qoymuşuq. Hazırda fəaliyyət istiqamətimiz idmançıları dopinq testindən keçirmək və maarifləndirməkdir. Həmçinin, federasiyalarda məşqçi və həkim heyətini də savadlandırmaq istiqamətində işlər aparacağıq. Əsas məqsədimiz idmanımızı müdafiə etmək, idmançıların hər biri üçün eyni şəraiti yaratmaqdır. Ölkəmizdə idmançıların saflığını qorumaq əsas missiyamız olacaq. Bu il milli proqram sayəsində 435 test keçirmək nəzərdə tutulub. Hər bir idman növü üçün risk proqramı hazırlanır. Biz də bunu nəzərə alaraq, lazımı testlər götürürük. Hazırda WADA ilə birgə qadağan olunmuş preparatların siyahısı hazırlanır. Siyahı yaxın günlərdə dərc olunacaq və bütün federasiyalara paylanacaq. Hər bir federasiya bu siyahını diqqət mərkəzində saxlamalıdır".

Polşanın Antidopinq Agentliyi ilə əməkdaşlığa dair sazişin imzalandığını vurğulayan AMADA-nın direktoru mütəxəssislərimizin bu ölkə ilə yanaşı, İsveçrədə təşkil olunan treninqlərə qatılaraq biliklərini artırdıqlarını vurğuladı.

Ş.Hüseynli IV İslam Həmrəyliyi Oyunlarında dopinq-testlər haqda da məlumat verərək qeyd etdi ki, AMADA Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında alman şirkəti ilə birgə çalışacaq və agentliyin 18 nümayəndəsi iştirak edəcək: ”Bəzi idman növləri dopinqdə risk qrupuna daxildir. Hazırda 18 dopinq zabiti hazırlayırıq. Onlar İslam Həmrəyliyi oyunlarında AMADA ilə birgə işləyəcək. Oyunlarda iştirak edən bütün idman növləri dopinq-testlərdən keçəcəklər. AMADA tərəfindən götürülmüş dopinq-testlərin həm logistika, həm də maliyyə baxımından uyğun olan laboratoriyaya göndəriləcək. Hazırda Almaniyanın Köln şəhərindəki laboratoriya tələblərə cavab verir. Çox güman ki, dopinq-testlər Köln şəhərinə göndəriləcək. Yekun qərar mart ayında müəyyənləşəcək”.

AMADA-nın icraçı direktoru dopinq riskli idman növləri daha çox diqqət mərkəzində olacağını vurğuladı.

O, qeyd etdi ki, ağırlıqqaldırma, atletika, güləş və boks dopinqin riskli növlər siyahısındadır: “Futbolda da dopinq-testlər götürmək niyyətindəyik. AMADA nəzdində Terapevtik İstifadəyə Nəzarət Komitəsi, İntizam Komitəsi və Apellyasiya Komitəsinin yaradılıb, qurumu 5 nəfərdən ibarət Müşahidə Şurasının nəzarət edəcək".

Xəbər 728 dəfə oxundu.