Üzgüçülük üzrə qış çempionatına start verilib
Fevralın 23-də Bakıda, Su İdmanı Sarayında üzgüçülük üzrə qış çempionatına start verilib.

Fevralın 25-dək davam edəcək turnir Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasiyasının və Su İdmanı Sarayının təşkilatçılığı ilə keçirilir.

Çempionatın təşkilində əsas məqsəd üzgüçülüyün təbliğinə, kütləviliyinin artırılmasına və inkişafına nail olmaqdır.

Üzgüçülük üzrə Azərbaycan milli komandasının baş məşqçisi, beynəlxalq dərəcəli hakim Rəşad Əbdülrəhmanov jurnalistlərə müsahibəsində bildirib ki, yarışda 100-dək idmançı iştirak edir. Çempionatda 600 xal toplayan idmançılar IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq komandanın heyətinə daxil ediləcək. Həmin idmançılar, həmçinin 2017-ci ildə keçiriləcək beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcək komandanın heyətini formalaşdıracaqlar.

Yarışda qızlar və oğlanlar sinə üstə, arxası üstə, brass, batterflay növlərində 50, 100, 200, 800 və 1500 metr məsafəyə yarışlarda mübarizə aparacaqlar.

Xəbər 2094 dəfə oxundu.