“Olimpiya hərəkatı” proqramı çərçivəsində iştirakçı məktəblər üçün sosial media üzrə seminar təşkil olunub
Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi “Olimpiya hərəkatı” proqramı çərçivəsində Bakının Yasamal rayonundan olan 19 məktəb üçün sosial media üzrə seminar təşkil edilib.

MOK-un marketinq idarəsinin müdiri Mehman Kərimov seminarı giriş sözü ilə açaraq Olimpiya hərəkatında beynəlxalq və milli səviyyədə həyata keçirilən islahatlar haqda seminar iştirakçılarına məlumat verib. Vurğulanıb ki, seminarın məqsədi iştirakçı məktəblərin internet resursları üzrə nümayəndələrinin və fiziki tərbiyə müəllimlərinin proqramın sosial media platformasının əhatə dairəsinin genişləndirilməsi barədə məlumatlandırılmasıdır.

MOK-un sosial media üzrə mütəxəssisləri iştirakçı müəllimlərə dünyada və Azərbaycanda sosial medianın vəziyyəti haqqında məlumat veriblər. Nəzəri hissədən sonra müəllimlərə “Facebook” səhifəsi, qrup və profilin yaradılması üzrə praktik məşğələ təşkil edilib.

Seminarın sonunda iştirakçı 38 müəlliminə Beynəlxalq Olimpiya Komitəsinin sertifikatları ilə təqdim olunub.

Xəbər 667 dəfə oxundu.