Azərbaycanın ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi Maltada bir daha vurğulanıb
Maltada İdman Mətbuatı üzrə Avropa İttifaqının (AIPS EUROPE/UEPS) İcraiyyə Komitəsinin toplantısı keçirilib.

Tədbirin birinci günündə UEPS-in və Malta İdman Jurnalistləri Assosiasiyasının təşkilatçılığı ilə seminar baş tutub. Yerli media nümayəndələrinin də qatıldıqları seminarda Belarus Milli Olimpiya Komitəsinin nümayəndəsi, UEPS İcraiyyə Komitəsinin üzvü Nastasiya Marinina 2018-ci ildə Minskdə keçiriləcək ikinci Avropa Oyunlarına hazırlıq barədə məlumat verib və videoçarx nümayiş olunub. N.Marinina vurğulayıb ki, Azərbaycandan sonra bu missiyanı üzərimizə götürmək olduqca çətin və məsuliyyətlidir. Biz Oyunları mümkün qədər maraqlı keçirməyə çalışacağıq. Lakin hər dəfə Bakıda gördüklərimizi göz önünə gətirəndə hansı məsuliyyətin altına girdiyimizin fərqinə varmaya bilmirik. İndidən deyim ki, biz Bakını təkrarlaya bilməyəcəyik.

Serbiya Milli Televiziyasının idman şərhçisi Predraq Milinkoviz iştirakçısı olduğu və şərh etdiyi Dakar rallisində kadrarxası riskli məqamlardan, idman telejurnalistikasının ekstremal vəziyyətlərdə iş həyatından danışıb və bu barədə nadir kadrları nümayiş etdirib.

Malta İdman Jurnalistləri Assosiasiyasının prezidenti, UEPS-in baş katibi Çarles Kamenzulinin və milli təşkilatın baş katibi Sandro Micallefin rəhbərliyi ilə seminar iştirakçıları və İcraiyyə Komitəsinin üzvləri arasında səmərəli fikir mübadiləsi olub.

UEPS-in prezidenti Yannis Daras tədbirin yüksək səviyyədə təşkilinə görə Malta İdman Jurnalistləri Assosiasiyasının rəhbərliyinə minnətdarlığını bildirib.

Seminarda Maltanın idman naziri, Milli Olimpiya Komitəsinin prezidenti də iştirak ediblər.

Toplantı iştirakçıları ölkənin əsas stadionu, oradakı məşq və yarış imkanları, həmçinin televiziya şərhçiləri, jurnalistlər və fotoreportyorlar üçün yaradılmış iş şəraiti ilə yaxından tanış olublar.

İcraiyyə Komitəsinin üzvləri Malta İdman Jurnalistləri Assosiasiyasının təşkil etdiyi idman fotosərgisinin açılışında da iştirak ediblər. Malta parlamentinin sədri Ancelo Farrucia sərginin açılışından sonra maraqlı fotoşəkillərin müəlliflərini mükafatlandırıb.

Maltadakı toplantı UEPS İcraiyyə Komitəsinin hazırki tərkibinin sonuncu iclası olub. Yeni tərkib təşkilatın mayın 9-da Koreya Respublikasının paytaxtı Seulda keçiriləcək növbəti Baş Assambleyasında müəyyənləşəcək. Namizədlər altı ay əvvəldən müəyyən olunublar. Yeni tərkibdə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti Eldar İsmayılovun da namizədliyi təsdiqlənib.

UEPS İcraiyyə Komitəsinin hazırki tərkibi fəaliyyətdə olduğu son üç il ərzində Bakıda, Parisdə, Minskdə, Dohada, Milanda, San-Marinoda və Verdendə toplantılar keçirib.

Qeyd edək ki, E.İsmayılov hazırda qurumun İcraiyyə Komitəsinin üzvüdür.

Xəbər 540 dəfə oxundu.