Naxçıvanda gömrük orqanları arasında keçirilən futzal turnirinə yekun vurulub
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində muxtar respublikanın gömrük orqanları arasında keçirilən futzal turnirinə yekun vurulub.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illik yubileyinə həsr olunan ənənəvi turnirdə 7 komanda iki yarımqrupda mübarizə aparıb.

Yarımqruplarda keçirilən oyunlardan sonra ilk iki pillədə qərarlaşan komandalar növbəti mərhələyə vəsiqə qazanıblar. Yarımfinal qarşılaşmalarında “Şahtaxtı Gömrük İdarəsi” “Mühafizə xidməti”ni, Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi ilə “Naxçıvanterminalkompleks” Birliyinin birləşmiş komandası isə “Naxçıvan Şəhər Gömrük İdarəsi”ni məğlub edərək həlledici oyuna vəsiqəni təmin ediblər. Final qarşılaşmasından öncə keçirilən üçüncülük uğrunda oyunda “Mühafizə xidməti”nin futzalçıları 5:2 hesabı ilə qələbə qazanıblar.

Final qarşılaşması isə Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi ilə “Naxçıvanterminalkompleks” Birliyinin birləşmiş komandasının “Şahtaxtı Gömrük İdarəsi” üzərində 6:2 hesablı qələbəsi ilə başa çatıb.

Komandaların mükafatlandırılması mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli ölkəmizdə, o cümlədən muxtar respublikada idmanın inkişafına və kütləviliyinin artırılmasına göstərilən dövlət qayğısından danışıb. Gömrükçülər arasında idmanı təbliğ etmək, onların fiziki sağlamlığının qayğısına qalmaq məqsədilə keçirilən yarışların ənənəvi xarakter aldığını qeyd edən Səhət Həbibbəyli idmanın gömrük əməkdaşları arasında qarşılıqlı münasibətlərin inkişafına müsbət təsir göstərdiyini, onlarda qələbəyə inam, mübarizlik hisslərini artırdığını vurğulayıb.

Sonra komandaların və turnirdə fərqlənən idmançıların mükafatlandırılması mərasimi olub. Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi ilə “Naxçıvanterminalkompleks” Birliyinin birləşmiş komandası turnirin keçici kuboku ilə yanaşı, kubok, diplom və medallarla təltif olunub. Turnirin “Ən yaxşı qapıçı”sı, “Ən yaxşı müdafiəçi”si, “Ən məhsuldar oyunçu”su, o cümlədən oyunları idarə edən hakimlər də mükafatlandırılıb.

Xəbər 581 dəfə oxundu.