Zaqatala və Balakən şahmatçıları respublika birinciliyinin final mərhələsinə vəsiqə qazanıblar
Balakəndə keçirilən Uşaq-gənclər şahmat məktəbləri komandalarının respublika birinciliyinin seçmə yarışları Zaqatala şahmatçılarının qələbəsi ilə başa çatıb.

Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin təqvim planına uyğun olaraq, Balakən şəhərindəki inteqrasiya təlimli internat tipli gimnaziyada təşkil olunan zona yarışında Balakən, Zaqatala, Ağsu və Ağdaş rayonlarını təmsil edən 6 komandanın tərkibində 42 şahmatçı mübarizə aparıb.

Seçmə yarışda ilk iki yeri tutan Zaqatala və Balakən şahmat məktəblərinin komandaları respublika birinciliyinin martda Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Yarışda fərqlənən komandalar “Təhsil” Respublika İdman Mərkəzinin diplom və medalları ilə mükafatlandırılıblar.

Xəbər 831 dəfə oxundu.