“Qəbələ”-“Qarabağ” oyunu 2:0 hesabı ilə meydan sahibinin xeyrinə başa çatıb
Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində "Qəbələ” və "Qarabağ" komandaları arasında oyun başa çatıb.

Saat 17:30-da Qəbələ şəhər stadionunda başlayan bu oyun nəinki 19-cu turun, ümumilikdə çempionatın ən vacib və əhəmiyyətli qarşılaşması hesab olunurdu. Hər iki komanda bu yarışa ciddi şəkildə hazırlaşmışdı. Çünki bu, çempionluğa ən iddialı olan və son illər ölkəmizi Avropada uğurla təmsil edərək öz sözünü deyən “Qəbələ” və “Qarabağ” komandalarının mübarizəsi idi.

Oyunu hakimlər Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov və Ömər Paşayev idarə edib.

Futbol azarkeşlərinin çoxdandır ki, gözlədiyi və arzulanan belə maraqlı yarış Premyer Liqada sıradan bir oyun deyil, mövsümün ən maraqlı qarşılaşması hesab edilirdi. Oyun gərgin idman mübarizəsi və qarşılıqlı hücumlar şəraitində keçib. Qarşılaşmanın 29-cu dəqiqəsində “Qəbələ”nin futbolçusu Sergey Zeynov topu rəqib komandanın qapısından keçirərək hesabı açıb. Görüşün 70-ci dəqiqəsində “Qəbələ”nin oyunçusu Filip Ozobiç komandasının ikinci topunu “Qarabağ”ın qapısından keçirib. Ağdam futbolçularının hesabı azaltmaq üçün ardıcıl hücumları nəticəsiz qalıb və oyun 2:0 hesabı ilə “Qəbələ”nin xeyrinə başa çatıb.

Son 3 mövsümün çempionu olan “Qarabağ” bu oyunda rəqibə uduzdu. Meydan sahibi “Qəbələ” isə zirvəni ələ keçirmək üçün inamla mübarizə apardı, 3 xal qazanaraq liderliyi ələ keçirdi və “Qarabağ”la aralarındakı ümumi xal hesabını bərabərləşdirdi.

Qeyd edək ki, Premyer Liqanın XIX turu çərçivəsində fevralın 18-də “İnter” və “Zirə” oyunu 1:1, "Neftçi" və "Kəpəz" görüşü isə 0:0 hesabı ilə başa çatıb. Fevralın 19-da “Sumqayıt” və “AZAL” oyunu keçirilib və 1:0 hesabı ilə başa çatıb. Hazırda turnir cədvəlində “Qəbələ” və “Qarabağ” komandaları 42 xalla birinci və ikinci, “İnter” 33 xalla üçüncü yerdədir.

Xəbər 733 dəfə oxundu.