Hafiz Məmmədov: “Bakı” və “Neftçi” qardaş klublardır
Unibank Premyer Liqasının XIX turunun təxirə salınmış “Bakı” - “Neftçi” matçını stadionda izləyənlər arasında hər iki klubun prezidenti də yer alırdı. İdma.com.az saytı fcbaku.com-a istinadən xəbər verir ki, “Bakı”nın prezidenti Hafiz Məmmədov “Neftçi” klubundakı həmkarı Sadıq Sadıqovla oyunu sonadək maraqla izlədilər. Komandasının uduzmasına baxmayaraq, Məmmədov təmkinini itirməyib. Sadıqovu qələbə münasibətilə təbrik edən Hafiz bəy rəqibin 3 xalı layiqincə qazandığını söyləyib.

“Neftçi” Azərbaycan çempionu və cari çempionatın lideridir. Bu komandanın gücü məlumdur. “Neftçi” səviyyəli futoblçularıdan təşkil olunmuş və oturuşmuş komandadır. Bu amil onların uğur qazanmasının əsasıdır. Bizim komandaya gəlincə, hələ heyətlə bağlı problemlərimiz var. Yeni futbolçularımız güclü olsalar da, komandaya tamamilə uyğunlaşa bilməyiblər. Xətlərarası rabitə də nizamsız təsir bağışlayır və istənilən qaydada deyil. Məncə, “Neftçi” layiqli qələbə qazandı” – deyə, Məmmədov bildirib.

“Bakı”nın prezidenti əlavə edib ki, “Neftçi” Sadıqovun gəlişindən sonra yüksəliş dövrünü yaşayır: “İki güclü rəqibin mübarizəsində ehtiraslar həmişə yüksək həddə olur. Bu idmandır. Mübarizə anında müxtəlif xoşagəlmız hallar yaşana bilər. İstisna deyil ki, müəyyən arzuolunmaz hərəkətlər yer alsın. Ancaq bu neqativ hallar iki klubun möhkəm təməllər üzərində qurulan dostluğuna və əməkdaşlığına xələl gətirə bilməz. Vaxtilə klublarımız arasında hansısa xırda anlaşılmazlıqlar yaşansa da, bütün bunlar geridə qalıb. “Bakı” və “Neftçi” qardaş klublardır. Biz birlikdə Azərbaycan futbolunun inkişafı naminə çalışırıq”.

Xəbər 1178 dəfə oxundu.