“Bakı-2017” Könüllülük Proqramının müsahibə mərhələsi yekunlaşıb
Mayın 12-22-də Bakının ev sahibliyi edəcəyi IV İslam Həmrəyliyi Oyunları nəzdində fəaliyyət göstərən “Bakı-2017” Könüllülük Proqramının müsahibə mərhələsi yekunlaşıb.

“Bakı-2017” Könüllülük Proqramına qeydiyyatdan keçən namizədlər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında fəaliyyət göstərən Könüllülər Mərkəzində aparılan müsahibələrdə iştirak edərək, ölkəmiz üçün əlamətdar olan bu mötəbər idman tədbirinin ayrılmaz hissəsi olmağa çalışıblar.

Müsahibənin yekunu olaraq növbəti həftələrdə könüllülər üçün təlimlərə start veriləcək. Müsahibənin seçim mərhələsini uğurla keçmiş namizədlərə ilkin mərhələdə Oyunlar zamanı icra edəcəkləri vəzifələr haqda məlumat veriləcək, daha sonra isə onlar ümumi təlimlərə dəvət ediləcəklər.

“Bakı-2017” könüllülərinin Oyunlara hazırlığını təmin etmək məqsədi ilə təşkil olunacaq təlimlər fevralın 21-də başlayacaq. Martın 31-dək davam edəcək ümumi təlimlər silsiləsi həftədə 3 dəfə keçiriləcək. Könüllülərin əksəriyyətinin tələbə olduğunu nəzərə alaraq, təlimlərin iki növbədə keçirilməsi planlaşdırılır. Bununla da, könüllülər öz uyğun zamanlarına münasib növbəni seçərək təlimlərə qatıla biləcəklər.

Qeyd edək ki, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının bir hissəsi olmaqla, könüllü adını qazanan namizədlər əvəzsiz təcrübə, yeni biliklər, işgüzar əlaqələrini genişləndirmək və yeni dostlar qazanmaq imkanı əldə edəcəklər.

Xəbər 524 dəfə oxundu.