Ramin İbrahimov: Çox güclü heyətimiz var
«Pekin-2008» Yay Paralimpiya Oyunlarının bürünc, «London-2012»nin qızıl medalçısı, Əməkdar idman ustası, qızlardan ibarət paracüdo yığma komandasının baş məşqçisi Ramin İbrahimovun müsahibəsi:

- Rioda keçirilən paralimpiya oyunlarından sonra Bakı Paralimpiya Cüdo Klubunun açılışı ilə bağlı işlər gördünüz. Bakıda ilk belə klubu açmaqda məqsəd nə idi?

- Bakıda açılan ilk klubla, deyərdim ki, ürəyimdə olan bir çox arzularımı və planlarımı həyata keçirə bildim. Bildiyiniz kimi, cənab Prezidentimiz İlham Əliyev 2008-ci ildə Sumqayıt Paralimpiya İdman Kompleksini bizə hədiyyə etdi. Biz məşq etmək üçün ora gedib, gəlirdik. İdmançının hər saniyəsi onun üçün qızıldır. Yola bir neçə saat sərf edirdik. Bu həm vaxt, həm də enerji itkisinə səbəb olurdu. Buna görə də fikirləşirdim ki, belə bir klub yaratmaq yaxşı olardı, orada məşq edərdik. Məqsədlərdən biri məhz idmançıların vaxt itkisinin qarşısını almaq idi.

- Bu təşəbbüs necə yarandı?

- Təşəbbüsü özüm irəli sürdüm. Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bu işdə mənə dəstək oldu. Klub qısa müddətdir fəaliyyət göstərsə də, axın böyükdür. Klubumuza gələnlər buranı bəyənir. Burda cüdo ilə məşğul olmaq istəyənlər üçün nə şərait lazımdırsa, yaradılıb. Amma hazırkı yerimiz çox böyük deyil, amma istərdik ki, böyük kompleksimiz olsun. Klubumuzun üstünlüklərindən biri də budur ki, burada təkcə paralimpiyaçı cüdoçular deyil, olimpiyaçı tatami ustaları da məşğul olurlar.

- Həyata keçirmək istədiyiniz hədəf və məqsədləriniz nədir?

- Məşqçilik idmançı olmaqdan da çətindir. Həm hərəkət edir, həm də danışır və başa salırsan. Məsuliyyəti çoxdur. Qızlardan ibarət yığma komandaya baş məşqçi təyin olunmağım məsuliyyətimi daha da artırıb. Gərək özümüzü bu sahədə doğruldaq. Burada idarəçilik səriştəsi mühüm şərtdir. İdarəçiliyə həvəsim var. Burada çox gözəl komanda yaratmışıq, təcrübəli məşqçi, idarə heyəti var. Səhərdən axşama kimi cüdo məşqlərimiz olur. Həm səhər, həm günorta, həm də axşam qruplarımız var. Planlarımızda İlham Zəkiyev, Ramil Qasımov kimi paralimpiyaçı cüdoçularımızın hər ay, heç olmazsa, bir-iki dəfə seminar məşğələlərini planlaşdırırıq. Gənclər onları görsünlər, daha da həvəslənsinlər. İnanırıq ki, hər şey yaxşı olacaq. Cüdonun inkişaf etməsi üçün əlimizdən gələni etməyə çalışırıq. Əsas hədəfimiz Tokio Yay Paralimpiya Oyunlarından Vətənə qızıl medalla dönməkdir.

- Qadın cüdosunu inkişaf etdirmək üçün heyətə əcnəbilərin cəlb edilməsi mümkündürmü?

- Bizə, əslində, xarici dövlətlərdən müraciətlər olub. Bildirirlər ki, bizdə idmançılara daha çox diqqət var. Biz Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovla müraciətləri dəyərləndirdik. Amma sonra gördük bizim çox güclü heyətimiz var, legionerə ehtiyac yoxdur. İnşallah, qızlarımız bizləri sevindirəcəklər.

- Artıq bir müddətdir baş məşqçi kimi qızlardan ibarət paracüdo komandasına rəhbərlik edirsiniz.

- Bizdə əvvəllər qızlarla oğlanların məşqi bir yerdə keçirilirdi. Dünya təcrübəsinə nəzər yetirdikdə görürük ki, onlar ayrı-ayrılıqda məşq prosesləri təşkil edilir. Bilirsiniz ki, «London-2012» paralimpiadasında Afaq Sultanova ölkəmizə çempion kimi qayıtmışdı. Lakin Rioda keçirilən yay paralimpiya oyunlarında qızlarımızın nəticələri heç də ürəkaçan olmadı. Braziliyadan ölkəmizə qayıtdıqdan sonra bununla bağlı Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov mütəxəssis və rəhbər heyəti ilə vəziyyəti dəyərləndirdi, bir sıra məşqçilər dəyişdi, o cümlədən qızlardan ibarət yığma komandanın baş məşqçisi olmaq mənə təklif olundu. Böyük məmnuniyyətlə təklifi qəbul etdim.

- Ölkəmizdə paralimpiya cüdosunun inkişafını necə qiymətləndirirsiniz?

- Çox yüksək səviyyədədir. Çünki hətta komanda şəklində dəfələrlə həm dünya, həm də Avropa çempionu olmuşuq. Yaponiya, Rusiya cüdoçularını məğlub etmişik. Artıq çox güclü heyətimiz və hər çəkidə bir neçə idmançımız var. Əvvəllərsə belə deyildi. İndi rəqabət də böyükdür. Fevral ayının 28-də keçiriləcək Azərbaycan çempionatında biz bunu görəcəyik.

- Ölkəmizdə bu yaxınlarda keçirilən beynəlxalq seminarda paralimpiya cüdosunda bir sıra yeniliklər oldu. Bu yeniliklərə münasibətiniz.

- Ümumi götürəndə, xallarda və bəzi qaydalarda elə dəyişikliklər oldu ki, biz bunları gözləmirdik. Məsələn, idmançılar döşəkdən asanlıqla çıxarıla bilər. Yaxud da üstün olduğun halda, ani bir səhvə görə məğlubiyyət ala bilərsən. Bəzi xəbərdarlıqları yumşaltdılar. Tamaşaçılara daha da maraqlı olsun deyə, bir sıra yeniliklər etdilər. Bir də qeyd edim ki, hətta idmançının başı yerə dəyərsə, həmin an mübarizədən kənarlaşdırılacaq. Əslində, bunlar müsbətə doğru atılan addımlardır və idmançıları zədə almaqdan qoruyacaq.

- Qeyd etdiniz ki, qızlarımız bizləri sevindirəcək. IV İslam Həmrəyliyi Oyunlarında kimlərə ümidlisiniz?

- Ümidlərimiz böyükdür. İdmanda dəqiq proqnoz vermək çətindir. Afaq Sultanova paralimpiya çempionudur, güclü idmançıdır. Məhz ondan qızıl medal gözləyirəm. 70 kiloqramda isə Ramilə Yusibova cəlb olunub, o da çox güclü idmançıdır. Dünyada üçüncü yerə çıxan idmançılar sırasındadır. Onun gözündə ciddi problem olsa da, bu yaxınlarda tibbi təsnifat mərhələsində həkimlər dedilər ki, yarışa qatıla bilər. Ümidimiz var. Hər iki çəki dərəcəsində qızıl medal qazana bilərik. Deyərdim ki, klubumuzda gələcəyin dünya və Avropa, olimpiya medalçısı, çempionu olacaq qızlar var. Tokio Olimpiadasında iştirak etmək üçün isə 2018-ci ildən lisenziya yarışları başlayacaq.

- Sizcə komandamızın əsas rəqibləri hansı ölkələrin idmançıları olacaqlar?

- Əsas rəqib kimi Özbəkistan idmançılarını görürəm. Rioda mənə də, İlham Zəkiyevə də, Kənan Abdulxanlıya da özbək idmançısı qalib gəldi. Yəni özbəklər birdən-birə üzə çıxdılar, onlara məğlub olacağımızı gözləmirdik. Onların çox güclü heyəti var. Riodan sonra burada keçirilən konfransda bu barədə müzakirələr oldu. Biz artıq güclü heyət hazırlayırıq ki, onlara qalib gələk. Lakin onlar hələ IV İslam Həmrəyliyi Oyunlarında iştiraklarını təsdiqləməyiblər. Bundan əlavə, Türkiyə və İran cüdoçuları da güclü rəqiblər sırasındadırlar.

- Təcrübəli idmançı kimi fikriniz maraqlıdır. Sizcə IV İslam Həmrəyliyi Oyunları bizə nə verə bilər?

- İlk Avropa Oyunları ölkəmizi dünyada çox tanıtdı, sevdirdi. Biz inanırıq ki, IV İslam Həmrəyliyi Oyunları da onun qədər maraqlı olacaq. Bu, bir idmançı kimi, bizim bayramımızdır. Bu yarışların da Birinci Avropa Oyunları kimi möhtəşəm olacağına inanırıq.

Aynurə PƏNAHQIZI


Xəbər 1687 dəfə oxundu.