Növbəti Avropa səfəri
Taekvondoçular arasında olimpiya seçmə komandamız Fransaya yollanmağa hazırlaşır. İdman.com.az saytının məlumatına görə, koreyalı mütəxəssis Con Conqbay və qadınlardan ibarət yığmanın baş məşqçisi Sun Mi Parkın rəhbərliyi ilə martın 13-də Parisə ezam olunacaq heyətə Elvin Məmmədov (74 kq), Ramin Əzizov (80 kq) və Bayraməli Vəliyev (87 kq), qadınlardan isə Xəyalə Quliyeva (46 kq), Türkanə Tahirli (49 kq), Aygül Abdullayeva (53 kq), Səbinə Mikayılova (62 kq) və Fəridə Əzizova (67 kq) daxil ediliblər.

Millimiz martın 14-dən 21-dək yerli taekvondoçularla birgə təlim-məşqlər keçirəcək. Sonra idmançılarımız 24-25 mart tarixlərində İspaniyanın Alikante şəhərində İspaniyanın 10-cu açıq çempionatına (“Spanish Open”) qatılacaq. Olimpiya seçmə komandamız vətənə ayın 27-də dönəcək.

Xəbər 1325 dəfə oxundu.