FIFA-da yeni korrupsiya halı qeydə alınıb
FIFA-da aparılan daxili araşdırma nəticəsində qurumda yeni korrupsiya halı üzə çıxıb.

Bu barədə “Bloomberq” iqtisadi informasiya agentliyi məlumat yayıb.

Agentlikdən bildirilib ki, ali futbol qurumunda yeni korrupsiya faktı araşdırma ilə məşğul olan “Quinn Emanuel Urquhart & Sullivan LLP” təşkilatının nümayəndələri tərəfindən aşkarlanıb. Bu halların bəzilərində sabiq məmurların əli var. Məlum olub ki, onlar kommersiya sazişləri adı ilə federasiyalardan rüşvət əldə edirmiş. Hazırda davam edən tədqiqatın yekun rəyi isə cari ayın sonunadək FIFA rəhbərliyinə təqdim olunacaq.

Qeyd edək ki, beynəlxalq futbol qurumunun tarixində ən nəhəng korrupsiya qalmaqalı 2015-ci ilin mayında baş vermişdi. Həmin vaxt Sürixdə təhlükəsizlik əməkdaşları tərəfindən təşkilatın 7 yüksək səlahiyyətli məmuru saxlanılmışdı. Ümumilikdə isə 14 sabiq və hazırkı idman funksioneri istintaqa cəlb olunmuşdu. ABŞ-ın Ədliyyə Nazirliyinin məlumatına görə, sözügedən şübhəlilər 24 il ərzində təxminən 150 milyon dollar rüşvət alıblar.

Xəbər 619 dəfə oxundu.