Berti Foqts millimizi 7 pillə geri saldı
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. İdman.com.az saytının məlumatına görə, Azərbaycan yığması ötən ayla müqayisədə 7 pillə geriləyib. 116-cı pilləyə düşən «ay-ulduzlular»ımızın 285 xalı var. Fevral reytinqində 306 xalla 109-cu olan Berti Foqtsun komandası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki yoxlama oyunlarından sonra 21 xal və 7 pillə geriləyib.

Buna əsas səbəb isə yığmamızın Dubay toplanışında məğlubiyyəti təsir göstərib. Belə ki, FİFA-nın yoldaşlıq görüşləri keçirmək üçün nəzərdə tutduğu gündə, reytinqə düşən fevralın 29-da Fələstin yığmasına 0:2 hesabı ilə uduzduq. Millimiz Dubay toplanışında bunadək Sinqapurla heç-heçə edib (2:2), Hindistana qalib gəlmişdi (3:0).

UEFA-nın reytinqində 46-cı olan millimizin 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqiblərindən Portuqaliya (1106 xal) və Şimali İrlandiya yığması (400) 1 pillə geriləyərək, müvafiq olaraq 7-ci və 87-ci yerə düşüb. Hesabında 1003 xal olan Rusiya millisi isə 1 pillə irəliləməyi nəticəsində 12-ci yerə yüksəlib. 38-ci yerə enən İsrail yığması (651) 3 pillə geriləyib.

Millimizin növbəti yoldaşlıq görüşlərində rəqiblərindən Belarus (490) 2 pillə geriləməyi 69-cu yerə düşməyi ilə nəticələnib. Andorra yığması əvvəlki tək 0 xalla FİFA-nın reytinqində sonunda – 205-ci pillədədir. Avqustun 15-də Bakıda yoldaşlıq görüşü keçirməyə razılaşdırdığımız Bəhreyn yığması (373) isə İndoneziya ilə rəsmi oyunda 10:0 hesabı ilə qalib gəldikdən sonra 4 pillə irəliləyərək, 93-cü yerə qalxıb.
Reytinq cədvəlinə yenə İspaniya başçılıq edir – 1561 xal. Niderland 1379, Almaniya isə 1332 xalla müvafiq olaraq 2-ci və 3-cü pillələrdədir.

Xəbər 1067 dəfə oxundu.