Yuranın ardınca, onun gətirdiyi futbolçular da gedir
“Simurq” cari mövsümün sonunadək heyətində ciddi dəyişikliklər etməyəcək. İdman.com.az saytının məlumatına görə, bu haqda apasport.az-a klubun icraçı-direktoru Vaqif Əliyev məlumat verib.

O bildirib ki, düşərgədən özbaşına gedən litvalı Robertas Poşkus istisna olmaqla, qalan futbolçulardan kimisə kənarlaşdırmağı nəzərdə tutmayıblar: “Altılıq”dan kənarda qalmışıq deyə, böyük dəyişiklik etməyəcəyik. Sergey Yuranın istefasından sonra keçirdiyimiz iclasda futbolçuların fikirlərini öyrəndik. Onlardan Yuranın istefasına görə getmək istəyən olmadı. Hər halda, bizim nə kimisə zorla saxlamaq, nə də kimisə çıxarmaq fikrimiz var”.

İcraçı-direktorun sözlərinə görə, Yuranın transferlərindən rusiyalı yarımmüdafiəçi Vasili Yanotovski ilə cari mövsümün sonunda yollarını ayırmağı düşünürlər: “Bildiyiniz kimi, Yuran ötən yay baş məşqçimiz olandan sonra etdiyi transferlərindən latviyalı hücumçu Kristaps Qrebisi qışda yola saldıq. Qalan rusiyalı yarımmüdafiəçi Vasili Yanotovski isə Yuran istefasından sonra da qalmaq istədiyini bildirdi. Onunla cari mövsümün sonunadək olan müqaviləmizi davam etdirib, bundan sonra yollarımızı ayırmaq fikrindəyik. Hər halda, bu legioner yaşlıdır, artıq 36 yaşı var. Ona görə də Yanotovski ilə mövsümün sonunda bitəcək müqaviləni uzatmamağı düşünürük”.

Xəbər 952 dəfə oxundu.