“Neftçi İdman Klubu”nun döyüşçüləri açıq Bakı çempionatı və birinciliyində uğurla çıxış ediblər
Hövsan Olimpiya İdman Kompleksində pankration, qraplinq və MMA idman növləri üzrə açıq Bakı çempionatı və birinciliyi başa çatıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışa 300-dən çox atlet qatılıb.

“Neftçi İdman Klubu”nun təmsilçiləri çempionatda aşkar üstünlükləri ilə seçiliblər və ümumilikdə yarışın 29 medalına (8 qızıl, 6 gümüş, 15 bürünc) sahib olublar.

Qraplinq yarışlarında İmran Abbasquliyev (16-17 yaş, 58 kq), Coşqun Dəlişov (20 yaşdan yuxarı, 62 kq), Teymurşah Cəmaləddinov (20 yaşdan yuxarı, 71 kq) və Həzi Həsənov (20 yaşdan yuxarı, 92 kq) əzmlə mübarizə apararaq qalib adını qazanıblar.

MMA idman növündə iyirmi yaşdan yuxarı idmançılar arasında Coşqun Dərişov (71 kq), Nemət Məmmədov (77 kq) və Əli Əlizadə (100 kq) rəqib tanımayaraq liderliyə yüksəliblər.

Pankrationçuların mübarizəsində isə Rasim Abdulrəhmanov (14-15 yaş, 73 kq) bütün döyüşlərdən qalib ayrılıb və paytaxt birinciliyinin qızıl medalına yiyələnib.

“Neftçi İdman Klubu” ümumi komanda hesabında birinci yeri tutub.

Xəbər 1236 dəfə oxundu.