Buzadırmanma üzrə açıq ölkə çempionatı keçiriləcək
Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə fevralın 4-5-də Qusarda buzadırmanma üzrə açıq ölkə çempionatı keçiriləcək.

Yarışda 16 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər. Çempionat ölkəmizdə ekstremal idman növlərini inkişaf etdirmək, gəncləri bu idman növlərinə cəlb etmək, beynəlxalq yarışlarda iştirak edəcək yığma komandanın formalaşması məqsədi daşıyır.

Yarış çətinlik və sürət növü üzrə Beynəlxalq Dırmanma və Dağçılıq Federasiyasının qaydalarına əsasən keçiriləcək. Buzadırmanma yarışının qaydalarına əsasən, qalib şəxsi hesablamada ümumi balların cəminə görə, komanda yarışında isə komanda üzvlərinin ümumi ballarının cəminə əsasən müəyyən olunur.

Ümumi nəticələrə əsasən müəyyən olunmuş qaliblər Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən hədiyyələr, kubok, medallar və müvafiq diplomlarla mükafatlandırılacaqlar.

Xəbər 1977 dəfə oxundu.