“İnter” futbol klubu Azərbaycan Premyer Liqasında yubiley qolunu vurub
Bakının “İnter” futbol klubu Azərbaycan Premyer Liqasında yubiley qolunu vurub.

XV turun “Kəpəz”lə ev oyununda 4:1 hesablı qələbə qazanan paytaxt təmsilçisinin 1-ci qolu yubiley əhəmiyyətli olub. Komandasının bərabərlik qoluna 45+2-ci dəqiqədə imza atan Nizami Hacıyev “İnter”in Azərbaycan çempionatlarında 650-ci topunun müəllifi olub. Bakılılar buna Premyer Liqadakı 476-cı matçında nail olublar. Bu qarşılaşmalarda 244-cü qələbəsini əldə edən komanda qol sayını 653-ə çatdırıb. “İnter”in orta məhsuldarlığı 1,37-yə bərabərdir. Paytaxt klubunun 653 qolundan 366-sı evdə, 287-si səfərdə vurulub.

Klubun ilk qolu 1999-cu il noyabrın 7-nə təsadüf edib. “Xəzər Universiteti” adı ilə çıxış edən komanda 1999/2000-ci il mövsümünün II turunda “Neftçi”yə 2:3 hesabı ilə uduzub. Samir Ələkbərovun 37-ci dəqiqədəki qolu indi “İnter” adlanan klubun tarixində ilk top kimi tarixə düşüb.

Qeyd edək ki, “İnter” Azərbaycan çempionatlarındakı qol sayına görə 5-ci göstəriciyə malikdir. Yalnız 4 komanda – “Neftçi”, “Qarabağ”, “Kəpəz” və “Turan” daha çox fərqlənib.

Xəbər 690 dəfə oxundu.