İsveçrədə Qar Polosu üzrə Dünya Kubokunun açılışı olub
Yanvarın 27-də İsveçrənin Sankt Moritz şəhərində 33-cü Qar Polosu üzrə Dünya Kubokunun açılışı olub.

Xatırladaq ki, 2015-ci ildə Arena Polo üzrə birinci Avropa Çempionatı və 2013, 2014 və 2016-cı illərdə Arena Polo üzrə Dünya Kuboku Bakıda keçirilib. Azərbaycan Milli komandası Avropa Çempionatında qızıl medala layiq görülmüşdü.

Yanvarın 27-dən 29-dək təşkil olunan Qar Polosu Dünya Kuboku çərçivəsində, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın tarixi və mədəniyyəti təqdim olunur. Yarışların keçirildiyi ərazidə Azərbaycan Atçılıq Federasiyası tərəfindən Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin musiqisi, mətbəxi, ədəbiyyatı və Qarabağ atlarını təbliğ edən guşələr təşkil olunub.

Yarışların keçirildiyi meydança, çap materialları, idmançıların geyimləri, təqdimat və mükafatlandırma mərasimləri və təşkil olunan mətbuat konfranslarında Azərbaycanı təqdim edən “Land of Fire” loqotipi istifadə edilib.

Yarışların ikinci günündə qonaqlar üçün təşkil olunacaq “Baku Moritz” gecəsində isə qonaqlara Azərbaycan Kulinariya Mərkəzi tərəfindən hazırlanan milli mətbəximizin, eləcə də Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının iştirakı ilə musiqi proqramının təqdimatı olacaq.

Qeyd edək ki, 2020-ci ildə Beynəlxalq Polo Federasiyası tərəfindən keçiriləcək növbəti Polo üzrə Avropa çempionatı Qəbələ şəhərində təşkil olunacaq.

Xəbər 808 dəfə oxundu.