“Dakar rallisi-2017” başa çatıb
Dünyanın ən dözümlü pilotlarının mübarizə apardığı transkontinental Dakar rallisi başa çatıb.

İdman.com.az Azərbaycan Avtomobil Federasiyasının saytına istinadla bildirir ki, 12 mərhələdən ibarət yarışda motosikletçilərin mübarizəsində ilk üç yeri KTM təmsilçiləri tutublar. Britaniyalı Sem Sanderlend bütün mərhələlərin yekununda 32 saat 6 dəqiqə 22 saniyə göstərici ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Avstriyalı Mattias Valkner ikinci, ispaniyalı Herard Farres Quel üçüncü olublar.

Kvadrosikllərdə “Yamaha” təmsilçisi Sergey Karyakin ən yaxın rəqibləri, komanda yoldaşları İqnasio Kasale və Pablo Kopettini geridə qoyaraq əsas mükafata layiq görülüb.

Yolsuzluq avtomobillərinin yarışında “Peugeot” komandasının üzvləri rəqiblərindən üstün olublar. Finiş xəttinə hamıdan tez Stefan Peteransel çatdı. Onun yekun nəticəsi 28 saat 49 dəqiqə 30 saniyə olub. Pilot bununla 13-cü dəfə Dakar rallisinin qalibi adını qazanıb. Bu komandanın daha bir təcrübəli üzvü Sebastyen Löb ikinci, Siril Depre isə üçüncü yeri tutub.

Yük avomobillərinin yarışında isə Rusiyanın “KamAZ” ekipajı hamını qabaqlayıb. Eduard Nikolayevin başçılıq etdiyi ekipaj ümumi nəticədə 27 saat 58 dəqiqə 24 saniyəlik göstərici ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yeri qalibdən 18 dəqiqə 58 saniyə geri qalan Dmitri Sotnikovun başçılıq etdiyi daha bir “KamAZ” ekipajı tutub. İlk üçlüyü “İveco”dan Jerar de Royun rəhbəri olduğu kollektiv tamamlayıb.

Xəbər 686 dəfə oxundu.