Yığmamız beynəlxalq turnirdə üçüncü oyununa çıxıb
Sankt-Peterburqda FIFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə XXIX ənənəvi beynəlxalq turnirdə çıxış edən 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması qrupda sonuncu oyununu keçirib.

Təbriz Həsənovun rəhbərlik etdiyi komanda Slovakiya ilə qarşılaşıb.

Qarşılaşma Slovakiya yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan yığması oyunun 64-cü dəqiqəsindən sonra mübarizəni 10 nəfərlə davam etdirib. Ricat Qarayev qırmızı vərəqə alaraq meydandan qovulub. Vitsian Martin oyunda yeganə qolun müəllifi olub.

“C” qrupunun bu gün keçirilən digər oyununda qrup lideri Litva ikinci pillədə yer alan Qazaxıstana uduzub - 0:2. Bu nəticədən sonra Qazaxıstan yığması xallarını beşə çatdıraraq, qrup lideri kimi mərhələ adlayıb. Slovakiya isə beş xalla qrup mərhələsini ikinci pillədə başa vurub.

Aktivində dörd xal olan Litva və bir xalla Azərbaycan yığmaları isə müvafiq olaraq 3 və 4-cü pillələrdə qərarlaşıblar. Komandalar 9-16-cı pillələr uğrunda mübarizə aparacaqlar.

Yığmamızın rəqibi “D” qrupunun son oyunlarından sonra məlum olacaq.

Xəbər 752 dəfə oxundu.